Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-03-11,
Seanews
Heyder Eliyev

Dalğalar üzərində ləzzət yaradıcısı - MÜSAHİBƏ

Budəfəki müsahibəmizdə sizi çox fərqli bir yerə mətbəxə qonaq aparırıq. Çünki qəhrəmanımız ASCO-nun xarici sularda üzən gəmilərində aşpaz kimi çalışan Samir Ələkbərovdur. O, hazırladığı təamlarla nəinki gəmi heyətinin, həm də sosial şəbəkələrdəki rəngarəng videoları ilə minlərlə insanın rəğbətini qazanan bacarıqlı bir gəncdir.

Samir Ələkbərov 1992-ci ildə Bakı şəhərində doğulub. Babası baş aşpaz olub və uşaqlıqdan onun mətbəxdə necə işlədiyini görüb.  Bu sənətə sevgisi də elə o vaxtdan başlayıb.

Samir hərbi xidmətdə də aşpaz kimi çalışıb. Gəmidən əvvəl isə restoranda aşpazlıq edib. Gəmidə ilk iş yerinə gəlincə, bu, FHN-nin gəmiləri olub, orada da aşpaz işləyib.

Gəmi mətbəxi mənim üçün həm çətinlik, həm də böyük təcrübə məktəbi olub” deyən Samirə ilk sualı sanki onun hazırladığı təamları hər gün dadan biri kimi verdik: 

- Bu gün menyuda nə var?

- Bu gün səhər süfrəsində klassik sevilənlər var: omlet, pendir, zeytun, bal, qaymaq. Nahar üçün isti şorba, sobada ət yeməyi və plov hazırlamışam. Axşam isə balıq və kartof püresi olacaq. Desert də var, çünki dənizdə insanın şirniyyata ehtiyacı ikiqat artır.

- Gəmi mətbəxi restoran mətbəxindən nə ilə fərqlənir?

- Ən böyük fərq dənizdir. Restoranda qazanın başında rahat dayanırsan, amma gəmidə bəzən sən yox, qazan səni aparmaq istəyir. Dalğa olanda tarazlıq saxlamaq ayrıca “idman növüdür”.

Bir də restoranda məhsul bitəndə sifariş edirsən, gəmidə isə planlaşdırma həyat məsələsidir. Burada “birdən lazım olar” düşüncəsi çox işə yarayır.

- Gəmidə müxtəlif millətlərin nümayəndələri və hər birinin özünəməxsus mətbəxi var. Onların dad seçimini necə uyğunlaşdırırsınız?

- Bəli, heyət müxtəlif ölkələrdəndir və hərənin damaq dadı fərqlidir. Ona görə çalışıram menyu qarışıq olsun. Bir gün plov bişirirəm bizimkilər sevinir. Ədviyyatlı düyü və ya souslu yemək olanda isə asiyalı heyət xoşbəxt olur. Əsas məqsədim budur ki, yeməkxanadan heç kim “kaş ki başqa nəsə olaydı” deyərək çıxmasın. Ən azından həftədə bir dəfə hər kəs öz mətbəxindən dad tapsın.

- Dənizdə aylarla qalanda ərzaqları necə qoruyursunuz?

- Gəmidə böyük soyuducu və dondurucular var. Ət və balıq dondurulmuş saxlanılır. Tərəvəzləri isə uzunömürlü seçirik: kartof, kök, kələm kimi. Amma yenə də bəzən hansısa məhsul gözləniləndən tez bitə bilər. O zaman yaradıcılıq başlayır. Qalan məhsullarla yeni kombinasiya tapıram. Bəzən elə yemək alınır ki, özüm də təəccüblənirəm: “Bunu mən etdim?”. Gəmi aşpazı bir az da improvizasiya ustası, qurman olmalıdır.

- Sizin imza yeməyiniz varmı?

- Bəli. Suşi və şaurma heyət arasında xüsusilə sevilir. Xüsusən bazar günü olanda yeməkxanaya daha tez gəlirlər. Hətta zarafatla deyirlər ki, “bazar menyusu üçün növbə yazılmalıdır”. Desertlərim də pis deyil, əsasən də şokoladlı şirniyyat.

- Ən uzaq səfəriniz hara olub və oranın mətbəxindən nə öyrənmisiniz?

- Məsələn, Sinqapur istiqamətinə səfərim olub. Orada ədviyyələrin balansı və sousların dad qatma üsulu çox maraqlı idi. Həmçinin Braziliya səfərində ətin fərqli marinad üsullarını gördüm. O səfərlərdən sonra menyuma bir az daha rəng qatdım – bəzən Asiya tərzi sous, bəzən Latın stilində ət.

 Sosial şəbəkədə maraqlı vloqlarınız var. Yemək bişirə-bişirə video çəkmək çətin deyil?

- Əvvəllər çətin idi. Bir əlimdə çömçə, bir əlimdə telefon... Bəzən özümə kənardan baxıb gülürdüm, amma indi öyrəşmişəm. İş yoldaşlarım da artıq alışıb. Kamera görəndə deyirlər: “Deməli, bu gün maraqlı nəsə var.” Bəziləri hətta kadrarxasından məsləhət də verir.

- İzləyicilər ən çox nəyə təəccüblənirlər?

- Ən çox təəccübləndikləri şey dənizin ortasında tort bişirməyimdir. Onlar üçün gəmidə həyat, eyni heyətlə aylarla birlikdə yaşamaq, dəniz mənzərəsi ilə səhər yeməyi hazırlamaq olduqca maraqlıdır. Çoxlarına romantik görünür, amma iş tərəfi də var. Həm də bütün bunları niyə edirəm, dənizdə bir qayda var: yemək yaxşıdırsa, əhval da yaxşıdır.

 

Xaliq Əliyev

ASCO-nun İctimaiyyətlə əlaqələr departamentinin mütəxəssisi


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır