Dünyanın ən işlək limanında konteynerlərə "robot it" nəzarət edir
Dünyanın yük dövriyyəsinə görə ən böyük limanı olan Ninbo-Çjousan limanının gömrük rəsmiləri boş konteynerlərin təftişi üçün süni intellektlə çalışan robot iti işə cəlb ediblər.
“Seanews.az” xəbər verir ki, bu addım liman avtomatlaşdırılmasında yeni bir mərhələ hesab olunur.
Meyşan liman sahəsində fəaliyyətə başlayan dördayaqlı robot konteyner yığınları arasında hərəkət edərək gəmi nömrələrini skan edir, plomb kodlarını yoxlayır, hətta konteynerlərin daxilinə girərək yad cisimlərin olub-olmadığını yoxlayır.
"Unitree Robotics" tərəfindən hazırlanan bu robot yüksək dəqiqlikli kameralar, termal sensorlar, lazer radarı və naviqasiya sistemləri ilə təchiz edilib. Bu avadanlıqlar robota hərəkət marşrutunu müstəqil planlaşdırmağa və məlumatları real vaxt rejimində mərkəzə ötürməyə imkan verir.
Əvvəllər bir neçə işçinin ağır şəraitdə gördüyü bu işi robotlar daha sürətli və real vaxt rejimində data ötürməklə yerinə yetirir. Sınaqlar zamanı robot təkbaşına gündə 100-ə qədər konteyneri 95%-ə çatan dəqiqliklə yoxlamağa nail olub. Bununla da Ninbo-Çjousan, Çində gömrük proseslərində dördayaqlı robot texnologiyasından istifadə edən ilk liman olub.

