• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı Rafiq Xankişiyev 75 illik yubileyini qeyd edir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının veteran əməkdaşı Rafiq Xankişiyev 75 illik yubileyini qeyd edir.

Bu münasibətlə ASCO-nun  Sosial inkişaf və nəqliyyat şöbəsinin və Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları yubiliyara baş çəkib, onu doğum günü münasibətilə təbrik ediblər.

Həmkarları ona ASCO-nun sədri Rauf Vəliyev başda olmaqla, bütün dənizçilərin xoş sözlərini çatdırıb, cansağlığı, uzun ömür arzulayıblar.

Rafiq Xankişyev öz növbəsində ASCO ailəsinin qədirbilənliyinin ona yüksək əhval-ruhiyyə bəxş etdiyini söyləyib. Qocaman dənizçi bildirib ki, təqaüdə çıxamağına baxmayaraq, özünü yenə də dənizçilər ailəsinin ayrılmaz üzvü hesab edir.

Rafiq Xankişiyev 1947-ci ilin yanvarın 5-də Salyan rayonu Yenikənd kəndində doğulub.  1954-cü ildə Yenikənd orta məktəbinin birinci sinifinə gedib. 1963-cü ildə təhsilini tamamlamaq üçün Bakı Dənizçilik Məktəbinə daxil olub. 1964-cü ildə həmin məktəbi matros kimi bitirib.

O, əmək fəaliyyətinə 1964-cü ildə Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə məxsus “İrtış” gəmisində 1-ci dərəcəli matros kimi başlayıb. 1966-cı ildə səhhəti ilə əlaqədar dənizdə işləməyinə məhdudiyyət qoyulub.

Rafiq Xankişiyev 1967-1969-cu illərdə Balıq Sənayesi Texnikumunda “mühasibat uçotu” ixtisası üzrə təhsil alıb, Xəzər Dəniz Ticarət İdarəsində mühasib kimi işləməyə başlayıb. 1972-ci ildə “XXI Partiya Qurultayı” adına Gəmi Təmiri Zavodunda mühasib olaraq çalışıb.

O, təhsilini davam etdirmək məqsədilə 1978-ci ildə Odessa Dəniz Mühəndisləri İnstitutunun “Mühəndis mexanika” fakültəsinə qəbul olub, 1984-cü ildə buradakı təhsilini müvəffəqiyyətlə başa vurub. Təhsil aldığı müddətdə həm də “XXI Partiya Qurultayı” adına Gəmi Təmiri Zavodunda mühəndis-texnoloq kimi işləyib.

1988-ci ildə Xəzər Dəniz Neft Donanmasında Donanmanın Texniki İstismar Departamentində mühəndis – kalkulyator vəzifəsinə təyin olunub.

Rafiq Xankişiyev 2009-cu ildə təqaüdə çıxıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır