Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-17,
Seanews
Heyder Eliyev

“Böyük İpək yolu” və оrta əsr imperiyaları

XIII-XIV əsrlərdə ticarət əlaqələri genişlənməkdə idi. Avropa-Asiya iqtisadi əlaqələrinin həyata keçirildiyi başlıca rayonlar olan Qara dəniz və Aralıq dənizi sahillərindəki ticarət mərkəzlərində qızğın ticarət gedirdi. Burada avropalılar müxtəlif Şərq ölkələrindən gəlmiş tacirlərdən növbənöv zərif ipək parçalar, xam ipək, müxtəlif ədviyyat şeyləri, nadir daş-qaş və başqa şərq malları alır, sonra isə həmin məhsulları qat-qat bahasına satırdılar. Müxtəlif Şərq malları: ipək və pambıq parçalar, bəzək şeyləri, ədviyyat və s. hələ XII-XIII əsrlərdə Fransadakı məşhur Şampan yarmarkalarının canlanmasında mühüm rol oynamışdı. Həmin malları Şampan yarmarkalarına və Qərbin başqa ticarət mərkəzlərinə Avropa və Şərq ticarətində vasitəçilik edən italyan tacirləri gətirirdilər. Ənənəvi şərq malları ilə ticarətdə vasitəçilkdən çoxlu qazanc götürməyə alışmış Avropa tacirləri, xüsusən italyanlar, bu məhsulların arxasınca Qara dəniz və Aralıq dənizləri sahillərindən Asiyanın içərilərinə doğru can atır, müxtəlif şərq ölkələrində, o cümlədən Azərbaycanda möhkəmlənməyə çalışırdılar. Məşhur italyan səyyahı M. Polo XIII əsrin II yarısına aid məlumatlarda Azərbaycan şəhərlərində müxtəlif şərq ölkələrindən gəlmiş tacirlərlə yanaşı avropalıların da qızğın ticarət etdiyini göstərmişdi.

Müxtəlif növ Şərq malları Çindən, Hindistan və Orta Asiyadan Həştərxan vasitəsilə Qara dəniz sahillərinə, xüsusən Tanaya gətirilir, buradan 6-7 Venesiya gəmisində İtaliyaya aparılır, oradan bütün Avropaya yayılırdı. Qara dəniz vasitəsilə Avropa-Şərq ticarət əlaqələrinin həyata keçirilməsində italyan tacirləri ilə yanaşı genuyalı və venesiyalı tacirlər fəal iştirak edirdilər. Lakin Teymurun işğalları, xüsusən Həştərxanın dağıdılması (1395), Qızıl Orda ilə Teymurilər dövləti arasında yaranmış zidiyyətlər üzündən tez-tez baş verən hərbi toqquşmalar Qara dəniz sahillərindəki ticarət mərkəzlərinin Həştərxan vasitəsilə Orta Asiya, Hindistan və Çinlə ticarət əlaqələrini çətinləşdirdi. Bu səbəbdən də, Orta Asiyadan, həmçinin Hindistan və Çindən Azərbaycana gələn ticarət yolları canlanmağa başlandı.

1453-cü ildə Konstantinopolun Osmanlı sultanı II Mehmet (1451-1481) tərəfindən alınması, Qara dənizi Aralıq dənizi ilə əlaqələndirən boğazların Türkiyənin əlinə keçməsi, sonralar Krımın da Osmanlı dövlətindən asılı hala düşməsi Qara dəniz vasitəsilə Avropa-Asiya ticarətinə ağır zərbə vurdu. Qara dəniz sahillərini Orta Asiya vasitəsilə başqa şərq ölkələri ilə əlaqələndirən ticarət yolları əvvəlki əhəmiyyətini itirdi. Nəticədə Orta Asiyanı Aralıq dənizi sahillərindəki Ön Asiya ticarət mərkəzləri ilə bağlayan karvan yolları canlanmağa başladı.

Məlumdur ki, 1453-cü ildə Konstantinopolun Türkiyə tərəfindən fəthinədək Təbriz-Trabzon karvan ticarəti yolu Avropa-Şərq ticarətində böyük rol oynayırdı. Bağdad və Həştərxanın süqutundan sonra Şərq ölkələrinin Avropa ilə, xüsusən Şərqi Avropa ölkələri lə ticarət əlaqələrinin həyata keçirilməsində Təbriz-Bursa-İstanbul yolunun əhəmiyyəti artmağa başladı.

XV əsrdə Avropa - Asiya ticarətində əlaqələndirici rol oynayan Təbrizin Yaxın və Orta Şərqin ən böyük ticarət mərkəzi kimi əhəmiyyəti artmağa başladı. Ön Asiya ticarət mərkəzləri vasitəsilə İtaliyadan gətirilən mahud və şüşə məmulatı, Şəki, Şirvan, Gürcüstan, Gilan və Yezdin xam və toxunulmuş ipəyi, zinət şeyləri, cürbəcür daş-qaş, ədviyyat məhsulları, Qahirə, İsgəndəriyyə və Konstantinopoldan gətirilən müxtəlif cür sənətkarlıq məmulatları məhz Təbriz bazarlarında satılırdı. XV əsrdə Asiya ilə Avropanı əlaqələndirən Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin də ərazisindən bir çox mühüm beynəlxalq karvan yolları keçirdi. Sözsüz ki, Avropa ölkələrinin müxtəlif növ şərq malları, xüsusən ipək, ədviyyat, başqa məhsullarla təmin olunmasında bu ticarət yollarının böyük rolu vardır. Təbriz bu beynəlxalq karvan yollarının qovşağında yerləşdiyindən, demək olar ki, Avropa-Asiya ticarətini tənzim edirdi. XV əsrin ortalarında Venesiya Respublikası artıq Avropanın ən qüdrətli dəniz dövlətlərindən birinə çevrildi. Venesiyalılar digər italyan tacirləri ilə birlikdə Avropanı Çindən, Hindistandan, Yaxın və Orta Şərq ölkələrindən, Afrikadan gətirilən müxtəlif mallarla - xam ipək və zərif ipək parçalar, xalça-palaz, ədviyyat şeyləri, yun və yun parçalar, pambıq, qənd tozu, daş-qaş, zərgərlik məmulatı, fil dişi və s. ilə təmin edirdilər. Artıq ticarətlə məşğul olan donanmalar yaradılmağa başlanmışdı. Belələrindən biri Venesiyaya məxsus idi. Venesiya ticarət donanması Avropa-Şərq ticarətini dəqiq tənzim edən ayrı-ayrı eskadralara bölünmüşdü. Hər il Venesiyadan Qara dənizə və Azov dənizinə, Konstantinopola və Suriya şəhərlərinə, Afrikaya və İspaniyaya, Flandriya və İngiltərəyə 6 böyük gəmi karvanı yola salınırdı.

Avropa tacirləri Şərq ölkələri ilə Türkiyə ərazisi, xüsusilə İstanbul və Bursa vasitəsilə geniş əlaqə saxlayırdılar. Bursanın əhəmiyyəti daha böyük idi. Avropa tacirlərini Bursa bazarlarına cəlb edən əsas məhsul xam ipək, daş-qaş, ədviyyat şeyləri və b. şərq malları idi. Venesiya, Florensiya, Genuya tacirləri Bursada Təbrizdən gələn ipək karvanlarını qarşılayırdılar.

Venesiya tacirləri Şərqdən aldıqları malların ancaq cüzi bir hissəsini İtaliyaya aparırdılar. Şimali Afrika və Cənubi Avropa sahillərindən tutmuş İngiltərə, Şimali Almaniya və Flandriyaya qədər hər yerdə Venesiya gəmilərinə rast gəlinirdi.

Balkan yarımadasının Adriatik dənizi sahilindəki ticarət məntəqələri, İoni adaları, Moreyanın sahilboyu məntəqələri və Korinf körfəzi, Krit və Evbeya (Neqropint) da daxil olmaqla Aralıq və Egey dənizlərində bir sıra strateji əhəmiyyətli adalar, Qara və Azov dənizlərindəki ticarət məskənləri, İsgəndəriyyə və Konstantinopolda, Suriya şəhərlərində, Serbiyada, Avstriyada ticarət məhəllələri və s. Venesiyaya məxsus idi. Venesiya, Genuya, Florensiya, Piza və b. İtaliya şəhərlərində Şərq malları ilə ticarət sahəsində ixtisaslaşmış ticarət burjuaziyası formalaşmaqda idi.

Sultan II Mehmet 1453-cü ildə Qara dənizin açarları olan Bosfor və Dardanel boğazlarını ələ keçirdikdən sonra, Avropada olduğu kimi, Asiyada da geniş işğallara başladı. II Mehmet Ön Asiyada olan bütün xırda feodal dövlətlərini – Qaraman, İsfəndiyar oğulları, Alaiyyə və Zülqədəroğulları bəyliklərini, Şimali Anadoludakı Genuya ticarət məskənlərini, Trabzon yunan dövlətini, paytaxtı Diyarbəkr olan Kiçik Ağqoyunlu hakimliyini aradan qaldırıb bütün Kiçik Asiyanı ələ keçirməyə və buranı Osmanlı dövlətinin daimi ərazi - iqtisadi bazasına çevirməyə çalışırdı. Artıq Osmanlı imperiyasının siyasətində qonşu dövlətlərlə Avropa və Asiyanı birləşdirən karvan yollarındakı üstünlüyü ələ keçirmək dururdu. Qara dəniz və Aralıq dənizinə çıxış yollarını ələ keçirmək üstündə hələ qədim dövrlərdən başlanan hərbi-siyasi rəqabət (Yunan - İran, Bizans - İran müharibələri və s.) davam etməkdə idi. Yalnız tərəflər dəyişmişdi. Həmçinin fərq burasında idi ki, boğazlarda və Avropa – Şərq ticarəti üçün əlverişli olan digər strateji məntəqələrdə mənafeyi olan və mübarizəyə qoşulan dövlətlərin sayı getdikcə artmaqda idi.

Qara dənizin Avropa - Asiya ticarətində mühüm rol oynadığı dövrdə -1453-cü ildə Konstantinopolun Osmanlı sultanı II Mehmet tərəfindən alınmasınadək Trabzon şəhəri qərb ölkələrinin Şərqlə ticarət əlaqələrinin həyata keçirilməsində mühüm rol oynayırdı. Şərq malları ilə ticarət sahəsində ixtisaslaşmış ticarət kampaniyaları, Qara dəniz ticarətində iştirak edən ölkələr Trabzon –Təbriz ticarət yolu ilə Azərbaycan, İran, Orta Asiya, Hindistan və Çinlə ticarət əlaqələri yaradırdılar. Trabzon bu işdə, hətta, Qara dəniz ticarətini öz inhisarında saxlayan Genuya ilə rəqabət aparırdı. Bir sözlə, Bursa, İstanbul və Qara dəniz vasitəsilə Avropa ilə əlaqələr yaradan ənənəvi karvan yollarında üstünlüyü ələ keçirmək uğrunda mübarizə orta əsrlər dövründə davam edirdi.

Mais ƏMRAHOV

Mənbə:”Böyük İpək yolu”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır