Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Neft və qaz yataqlarının işlənilməsi sahəsində tanınmış alim Əli Əmirovun 105 illiyidir

Əli Cabbar oğlu Əmirov 1915-ci il martın 25-də Naxçıvanda anadan olub.

O, Neft Maşınqayırma Texnikumunun axşam şöbəsini bitirib, sonra Sənaye İnstitutunda təhsil alıb. 1939-1940-cı illərdə “Türkmənneft’’də fəhlə, mühəndis neftçıxarma ustası vəzifəsində işləyib. Sonralar təcrübəli neftçi kimi Azərbaycana gələrək 1940-1942-ci illər “Suraxanıneft’’də işləyib. Burada neftçıxarma ustası vəzifəsindən trestin rəisi vəzifəsinə qədər yüksəlib.

1955-1959-cu illərdə Azərbaycan neft sənayesi nazirinin müavini, 1959-1962-ci illərdə “Azərneft’’ İstehsalat Birliyinin baş direktoru vəzifəsinə irəli çəkilib. Əllinci illərdə Azərbaycan neft-qaz hasilatı azalmağa başlandığı dövrdə Əli Əmirovun şəxsi iştirakı ilə “Qum adası’’ neft-qaz yatağının mənimsənilməsinə başlanılıb. Quyu yüksək qaz və qaz kondensatı ilə işləməklə “Qum adası’’ yatağının kəşfininin əsasını qoymuşdu. Məhz bu kəşflə Azərbaycan neft sənayesinin yenidən dirçəlişi başlandı.  Sonralar “Bahar’’, “Səngəçal’’, “Duvanı-dəniz’’, “Bulla-dəniz’’ və s. neft-qaz yataqlarının istismara verilməsi Azərbaycan neft sənayesini yüksək zirvələrə qaldırdı ki, bu işdə də Əli Əmirovun xüsusi xidmətləri vardır. 1962-1971-ci illərdə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin katibi vəzifəsində işləyib. 1972-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini, 1977-ci ildə professor elmi rütbəsini alıb. 1971-1977-ci illərdə yenidən “Azneft’’ Neft və Qazçıxarma İstehsalat Birliyində baş mühəndis və rəis vəzifəsində çalışıb. 1977-ci ildən ömrünün axırınadək “Azərbaycan neft təsərrüfatı” jurnalının redaksiyasında işləyərək Azərbaycan Neft və Kimya institutun “Neft yataqlarının işlənməsi’’ kafedrasının professoru olub.

O, neft sənayesinin elm və texnikası sahəsində aktual məsələlərə həsr edilmiş 140-dan çox kitab, monoqrafiya və elmi məqalələr yazıb. Əli Əmirovun istehsalat və elmi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. 1969-cu ildə Dövlət mükafatına, 1970-ci ildə “SSRİ-nin fəxri neftçisi” adlarına layiq görülüb, “Qırmızı Əmək Bayrağı”, 2 dəfə “Şərəf Nişanı’’ ordenləri və bir sıra medallarla təltif edilib. Neft sənayesinin inkişafındakı xidmətlərinə görə ona akademik İ.M.Qubkin adına mükafat verilib. SSRİ Neft və Qaz Sənayesi Elmi-texniki Cəmiyyətinin fəxri üzvü olub. Əli Əmirov 1979-cu ildə vəfat edib, I Fəxri Xiyabanda dəfn edilib.

Neft və Qazçıxarma idarəsi (Qaradağ rayonu), “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının gəmilərindən biri və Bakı küçələrindən biri onun adını daşıyır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır