Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-08-12,
Seanews
Heyder Eliyev

Bu gün Xəzər günü qeyd olunur

12 avqust - Xəzər Günüdür.

2006-cı ilin məhz bu günündə Xəzər dənizinin ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyasının qüvvəyə minməsindən sonra hər il avqustun 12-si Xəzər Günü kimi qeyd olunur.

Bu günün əsas məqsədi diqqəti Xəzərin çirklənmədən qorunmasına, onun bioloji ehtiyatlarının mühafizəsinə, dənizdən səmərəli istifadəyə yönəltməkdir. “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası” beş Xəzəryanı dövlət arasında təbiəti mühafizə şərtlərini və müvafiq təşkilati mexanizmi əks etdirən ilk hüquqi sazişdir. O, “çirkləndirici ödəyir” və məlumatın əldə edilməsi prinsipləri də daxil olmaqla bir sıra rəhbər prinsiplərə söykənir. Konvensiya Xəzər dənizinin ətraf mühitinin bütün növ mənbələrdən çirklənməsinin qarşısının alınmasına, həmçinin Xəzər dənizinin ətraf mühitinin mühafizəsi və bərpasına qulluq edir. Konvensiyada Xəzər dənizinin bioloji sərvətlərinin davamlı və səmərəli istifadəsinə, ətraf mühitə təsirin qiymətləndirilməsinə, ekoloji monitorinqə və elmi tədqiqatlara aid müddəalar əksini tapıb.

XƏZƏR HAQQINDA MARAQLI FAKTLAR

Xəzər dünyanın ən böyük qapalı hövzəsidir, onu çox vaxt dəniz-göl adlandırırlar. Dünya okeanı ilə heç bir əlaqəsinin olmadığına görə göl sayılsa da, tərkibinə və mənşəyinə görə dənizdir: suyu Mezozoy dövründən duzludur (Xəzər vaxtilə qədim Tetis okenının bir hissəsi olub). Sahəsi 371 min kv.km-dən çoxdur ki, bu da Egey, Adriatika və Azov dənizlərinin birgə sahəsindən artıqdır. Dünya dövlətlərinin sahəsi ilə müqayisədə Xəzərin sahəsi Yaponiyanın sahəsindən böyük, Almaniyanınkından isə çox az miqdarda kiçikdir.

Xəzərin şimal hissəsində dərinlik azdır: orta dərinlik təxminən 4 metrdir. Lakin hövzənin cənub hissəsində bu göstərici 1025 metrə çatır və buna görə də Xəzəri göl sayan mütətəxəssislər onu  Baykal və Tanqanik kimi dərin göllərdən sonra 3-cü sayırlar.

Yenə də, Xəzərin ümumiyyətlə dəniz deyil, göl olması nəzəriyyəsinə riayət etsək, onun planetdə ən böyük göl olması qənaətinə gəlmək mümkündür.

Xəzər dənizi nadir canlıların məkanıdır. Məsələn, burada planetin ən kiçik suitisi yaşayır və o, dəniz-gölün yeganə dəniz məməlisidir. Əvvəllər hövzənin demək olar ki, hər yerində rast gəlinən bu endemik növ – Xəzər suitisi indi “Qırmızı Kitab”a düşüb: son 10 ildə sayı 50–80 % azalıb.

Xəzərdə suyun səviyyəsi dünya okeanından xeyli aşağıdır və qeyri-sabitdir: enib-qalxmalara meyllidir.

Xəzər bəlkə də yeganə dənizdir ki, tarixi boyunca yetmişə yaxın adı  olub. Hövzə indiki adını qədim dövrlərdə, hələ eramızdan əvvəl onun sahillərində yaşamış Xəzər tayfasının adından almışdır.

Xəzərə 130 irili-xırdalı çay tökülür. Onların arasında ən böyüyü Volqadır və ən çox miqdarda – 70–80 % suyu da hövzəyə məhz bu çay gətirir.

Dünyada istehsal olunan qara kürünün demək olar ki, 90 %-i  Xəzərdəndir. Ən bahalı kürü ağbalığın kürüsüdür. Bu balığa İran sahillərinə yaxın ərazılərdə rast gəlinir. Ən nəhəng ağbalıq 1921-ci ildə ovlanıb: çəkisi 1200 kq-dan çox olub. 

Xəzərdə ilk metaldan hazırlanmış neftdaşıyan gəmi – tanker  1878-ci ildə istismara verilib. “Zorastr” adlanan tankerin yükgötürmə qabiliyyəti 242 ton olub. Dizel mühərrikli “Vandal”, ilk riversivli  daxiliyanma mühərrikli “Delo” tankerləri də məhz Xəzərdə istismara verilib.

 II Cahan müharibəsindən sonra Xəzərdə neft yataqlarının axtarışına başlanılıb və axtarış uğurla nəticələnib. 1949-cu il noyabrın 7-də “Neft Daşları”nda qazılan quyunun 942 metr dərinliyindən neft fontan vurub. Beləliklə, açıq dənizdə neftçıxarmanın əsası qoyulub.

 Xəzər dənizinin tədqiqatı ilə bağlı Azərbaycanda okeanologiya elmi inkişaf edib. Ölkəmizdə okeanologiya məktəbinin təməlini görkəmli   coğrafiyaşünas, coğrafiya elmləri doktoru, professor, Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü Qasım Gül qoyub.

Xəzər dənizinin ilk təfərrüatlı xəritəsinin yaradılması təxminən 1719-cu ildə baş verib. O zaman Bekoviç-Çerkasskinin ekspedisiyası Xəzərdə lazımi tədqiqatlar aparıb və bir neçə ildən sonra alimlər dənizin normal və etibarlı xəritəsini formalaşdıra biliblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır