Yüksək yanacaq xərcləri Avropa balıqçılıq sənayesini iflic edir
Sənaye nümayəndələrinin bildirdiyinə görə, İran müharibəsi fonunda sürətlə artan dizel xərclərinin Avropadakı ilk qurbanlarından biri balıqçılıq sənayesi olub. Belə ki, bu həftə Niderland donanmasının ən azı yarısı limanlarda qalıb.
“Seanews.az” xəbər verir ki, təzyiq daha çox Niderlandda hiss olunur, çünki bu ölkənin donanmasında Avropa İttifaqı ümumi donanmasının təxminən 7%-ni təşkil edən çox sayda "beam trawler" (tirli traler) tipli gəmilər var. Bu gəmilər Şimal dənizinin dil balığı (sole), kalkan (turbot) və briz (brill) kimi yüksək dəyərli yastı balıqlarını ovlayır, lakin bu prosesdə daha çox yanacaq yandırır. "VisNed" sənaye qrupu bildirib ki, bu cür tralerlərin 80-90%-i bu həftə dənizə çıxmayıb.
Niderland Balıqçılar Birliyinin sözçüsü Durk van Tuinenin sözlərinə görə, müharibənin başladığı 28 fevral tarixinə qədər həftəlik 12,000 - 13,000 avro olan yanacaq xərcləri indi 30,000 avroya yaxınlaşır. Bu rəqəm bir gəminin ilin bu vaxtında gətirə biləcəyi balığın ümumi dəyərinə demək olar ki, bərabərdir və heyətə maaş vermək üçün heç bir vəsait qalmır.
"Europêche"nin (Aİ balıqçılarının nümayəndəlik qurumu) icraçı direktoru Daniel Voses bildirib ki, Belçika və Böyük Britaniya da balıq ovunda tirli tralerlərdən istifadə edir, eyni zamanda Avropa ətrafında treska (cod) və pikşa (haddock) kimi dib balıqlarını hədəf alan donanmalar mövcud qiymətlərlə zərər həddinə çatıb və ya artıq zərərlə işləyir.
Voces qeyd edib ki, aparıcı balıqçılıq ölkələri olan İspaniya, İtaliya və Fransa müəyyən dəstək tədbirləri tətbiq etsələr də, yanacaq xərclərinin təxminən 70% artması bəzi gəmilərin dənizə çıxmaq istəməməsinə səbəb olub. Sənaye nümayəndələri bu həftə Aİ-nin balıqçılıq rəhbəri Kostas Kadis ilə görüşərək, Avropa Komissiyasından dövlət yardımı qaydalarını yenidən yumşaltmağı xahiş ediblər.

