

İkinci Dünya müharibəsində batmış yapon hərbi gəmisi Sakit okeanda aşkar edilib
İkinci Dünya müharibəsi zamanı batmış Yaponiyanın İmperator Donanmasına məxsus “Teruzuki” adlı esminesin qalıqları Solomon adalarının ən böyüyü olan Qvadalkanal sahillərində, dənizin dibində tapılıb. Bu barədə ABŞ-ın dəniz araşdırmaları qrupu məlumat yayıb.
"Seanews.az" xəbər verir ki, axtarışlar ABŞ-ın Ocean Exploration Trust təşkilatı və Yaponiyalı tədqiqatçıların iştirakı ilə aparılıb. Ekspedisiyada İkinci Dünya müharibəsinin ən ağır döyüşlərindən birinin baş verdiyi Cənub Sakit okeanı adası ətrafı tədqiq edilib.
“Teruzuki” 1942-ci ilin dekabrında, Qvadalkanaldakı yapon əsgərlərinə ərzaq və digər ləvazimatlar çatdırılarkən batıb. Həmin dövrdə Yapon və ABŞ qüvvələri adadakı hava limanı və digər hərbi obyektlər uğrunda şiddətli döyüşlər aparırdılar. Yapon tərəfdən 20 minədək hərbçi həyatını itirib, onların çoxu aclıq və xəstəliklərdən ölüb.
Tədqiqatçılar gəminin 134 metr uzunluğunda olduğunu və Akizuki sinifinə aid İmperator Donanmasının ikinci esminesi kimi 1942-ci ilin avqustunda istismara verildiyini bildiriblər.
Gəmi 1942-ci ilin dekabrında ABŞ torpedolarının hücumu nəticəsində zədələnib. Daha sonra “Teruzuki”nin ekipajı onu özü batırmalı olub. Xilas ola bilməyən təxminən 10 heyət üzvü həyatını itirib.
Ocean Exploration Trust təşkilatının məlumatına əsasən, gəminin qalıqları “Iron Bottom Sound” adlanan bölgədə – çoxlu sayda döyüş gəmilərinin batdığı ərazidə aşkarlanıb. Əsas gövdə 800 metr dərinlikdə, arxa hissəsi isə 200 metr aralıda yerləşir. Tapıntılar sağ qalmış ekipaj üzvlərinin ifadələri ilə və gəmidəki top qurğularının düzülüşü ilə tam uyğunluq təşkil edir.
Tədqiqatçılar gəminin “Teruzuki” olduğunu əminliklə bildiriblər. Çünki eyni bölgədə batan digər Akizuki sinifli esmines daha əvvəl aşkar olunmuşdu.
Kyoto Universitetinin Cənub-Şərqi Asiya Tədqiqatları Mərkəzindən Hiroşi İşi qeyd edib ki, “Teruzuki” Yapon ordusunun döyüş şəraitində ərzaq təminatındakı çətinliklərini simvolizə edir.
Kyoto Tatişbana Universitetinin gəmi arxeologiyası üzrə professoru Kôtaro Yamafune isə bildirib ki, batmış gəmilərin görüntüləri insanlara müharibənin reallığını daha dərindən anlamağa imkan verir.
Yamato Muzeyinin direktoru Kazuşige Todaka isə gəminin orijinal formasının yaxşı vəziyyətdə qaldığını və top qurğularının yerləşmə tərzinə əsaslanaraq onun “Teruzuki” olduğuna şübhə olmadığını deyib.