Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-19,
Seanews
Heyder Eliyev

Təlim Tədris Mərkəzində dənizçilər üçün mütəmadi təlimlər keçirilir

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Təlim Tədris Mərkəzində (TTM) dənizçilər üçün mütəmadi təlimlər keçirilir.

“Poseidon Borealis Navigation” simulyatorunda gəmi kapitanları və kapitan köməkçiləri üçün “Kapitan körpüsünün resurslarının idarəolunması”, “Gəminin idarəolunması və manevredilməsi” və “Radar, avtomatik radar müşahidə vasitələri, kapitan körpüsü komandası və axtarış xilasetmə” (idarəetmə səviyyəsində) təlimləri aparılır.

“Kapitan körpüsünün resurslarının idarəolunması” təlimində tədris prosedurları, sertifikatların alınması üzrə prosedurlar, sertifikatların alınması üzrə namizədin bilik və bacarığına qoyulan tələblər, növbənin təşkili və aparılması, reysin planlaşdırılması, hər şəraitdə gəminin yerinin təyin edilməsi, təhlükəsiz naviqasiyaya nəzarət etməklə növbə çəkmə qaydaları öyrənilir.

Təlimin “Gəminin idarəolunması və manevredilməsi” hissəsində dənizçilərə gəminin manevr elementləri, gəminin idarəolunması və manevretməsinə müxtəlif faktorların təsiri, müxtəlif şəraitlərdə gəminin idarə və manevredilməsi izah olunur.

Avtomatik Radar Müşahidə və SARP-dan üzgüçülüyün təhlükəsizliyi sahəsində səmərəli istifadənin öyrədilməsi təlimi gəminin bütün komanda (matros və motorçudan başqa) heyəti üçün nəzərdə tutulub.

TTM-in Böyük Britaniyanın nüfuzlu “The Nautical İnstitute” təşkilatı tərəfindən sertifikatlandırılan Polaris Ship’s Bridge Simulator DP simulyatorunda aparılan təlimdə gəmi mövqeyini və gəminin istiqamətini saxlamaq üçün kompüter nəzarət sistemi öyrənilir. “DP İnduction” və “DP Simulyator” təlimlərindən ibarət olan bu hissəni uğurla bitirənlərə “The Nautical İnstitute” tərəfindən beynəlxalq sertifikat verilir və bu sertifikata sahib olan mütəxəssis DPO (dynamic positioning operator) adını qazanır.

Təlim Tədris Mərkəzinin Hovuz–təlim kompleksində “Bütün dənizçilər üçün təhlükəsizlik üzrə tanışlıq, ilkin hazırlıq və təlimat” kursu aparılır. Bu təlim “Sağqalma uğrunda mübarizə üsulları”, “Yanğına qarşı təhlükəsizlik və mübarizə”, “İlkin elementar tibbi yardım” və “Şəxsi təhlükəsizlik və ictimai məsuliyyət” adlı hissələrdən ibarət olur. Bu kursun əsas məqsədi dənizdə baş verə biləcək hər hansı bir qəza zamanı heyət üzvlərinin xilas edilməsi üsullarının nəzəri və praktiki üsullarla izah edilməsindən ibarətdir. 

Qeyd edək ki, Təlim Tədris Mərkəzində təşkil olunan təlimlərdə ASCO-nun donanmalarında işləyən gəmi heyəti ilə yanaşı, ölkəmizdə neft-qaz istehsalında fəaliyyət göstərən digər yerli və xarici şirkətlərin əməkdaşları da iştirak edirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır