"Airbus" üçün inşa edilən innovativ Ro-Ro gəmisi suya buraxıldı
Çində "Louis Dreyfus Armateurs" (LDA) şirkəti üçün nəzərdə tutulan üç innovativ yük gəmisindən birincisi olan "Spirit of Toulouse" suya buraxılıb.
“Seanews.az” xəbər verir ki, bu gəmilər "Airbus" təyyarələrinin hissələrini daşımaq üçün ən son texnologiyalarla, o cümlədən süni intellekt və külək mühərrikləri ilə təchiz edilib.
Gəmi 35 metr hündürlüyündə altı ədəd "Norsepower" rotoru (yelkəni) ilə təchiz olunub. Aerokosmik materiallardan hazırlanan bu rotorlar yanacaq sərfiyyatını minimuma endirir.
Gəmilər həm metanol, həm də dəniz dizel yanacağı ilə işləyən mühərriklərə malikdir.
Gəmi yalnız yanacaq növü ilə deyil, həm də yüksək səmərəli pərləri, təkrar emal edilmiş poladdan hazırlanan şaft xətləri və sürtünməni azaldan xüsusi korpus örtüyü ilə karbon emissiyasını (CO2) minimuma endirmək üçün dizayn edilib.
Gəmi həmçinin marşrutu optimallaşdırmaq, külək gücündən maksimum yararlanmaq və dəniz şəraitinə uyğunlaşmaq üçün qabaqcıl süni intellekt proqramlarından istifadə edir.
169 metr uzunluğunda olan bu yeni nəsil gəmilər "Airbus"ın A320 təyyarələrinin istehsalını ayda 75 ədədə çatdırmaq planına dəstək verəcək. Gəmi eyni vaxtda 70 ədəd 40 futluq konteyner və altı təyyarə dəstini (qanadlar, füzelyaj, mühərrik pilonları və quyruq hissələri) daşımaq gücünə malikdir.
Hazırda bu seriyadan olan digər iki gəminin — "Spirit of Mobile" və "Spirit of Mirabel"in inşası davam edir.

