Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-23,
Seanews
Heyder Eliyev

ADDA-nın kitabxana fondu 2019-cu ildə 490 yeni ədəbiyyatla zənginləşib

Azərbaycan Dövlət Dəniz Akademiyasının kitabxanası hər bir tələbə üçün xüsusi əhəmiyyətli məkandır. Kurs layihələrinə və imtahanlara hazırlaşan tələbələr burada onlara lazım olan ədəbiyyatlar, sorğu kitabçaları, norma və standartları çox rahatlıqla əldə edə bilirlər.

Hazırda ADDA-nın kitabxana fondu 52196 nüsxə ədəbiyyatdan ibarətdir. Onlardan 42101-i dərslik, 9563-ü bədii ədəbiyyat, 532-si digər nəşrlərdir. 1000-dən çox oxucuları olan kitabxanadan bakalavr və magistr pilləsində təhsil alan tələbələrlə yanaşı, Akademiyanın professor-müəllim heyəti də mütəmadi istifadə edir. 

ADDA-nın kitabxana üzrə mütəxəssisi Yeganə Dadaşova deyir ki, əsas vəzifəmiz kitabxana işini düzgün qurmaq və oxucuları lazımi kitab resursları ilə təmin etməkdir. Bununla yanaşı, kitabxananın vəzifələrindən biri də ölkəmizdə və cəmiyyətdə baş verən yeniliklər, qlobal hadisələr və dəyişikliklərlə oxucuları tanış etmək və məlumatlandırmaqdan ibarətdir. ADDA-nın kitabxanası sırf dəniz ixtisasına aid ədəbiyyatlarla zəngin olduğu üçün bizim kitabxanadan dənizçilik sahəsində işləyən mütəxəssislər də istifadə edə bilər.

Kitabxana fondunda Akademiyanın tədris planının bütün fənləri üzrə lazım olan fənn proqramları, əsas tədris və tədris–metodiki, sorğu və elmi-texniki ədəbiyyat, həmçinin Beynəlxalq Dəniz Təşkilatının materialları MODEL COURSE, MARPOL, SOLAS, İSM Code, İMDG Code, İnternational STСW  Convention 1978, dəniz gəmilərinin işini və istismarını tənzimləyən  normativ sənədlər  var.

“Gəmi sürücülüyü” fakültəsinin Dəniz naviqasiyası ixtisası üzrə təhsil alan 207 A2 qrup tələbəsi  Qüdrət Şəmilzadə kitabxananın aktiv istifadəçilərindəndir. 

-ADDA-nın kitabxanası bizim əsas informasiya mənbəyimizdir. İstər dərslərimizlə bağlı, istərsə də əlavə məlumat almaq üçün kitabxanaya müraciət edirik. Müəllimlərin bizə verdiyi tapşırıqlar, sərbəst işlər çətin olsa da, kitabxanamızda istər azərbaycan, istər rus, istər ingilis dillərində məlumat tapa bilirik. Lazım olan ədəbiyyatı tapmaqda bizə kitabxanaçılar çox yardım edirlər. Bəzən kataloqda kitabı tapmayanda onlar bizim köməyimizə gəlirlər. ADDA-ya qəbul olduğum 2017-ci ildən kitabxanamızdan daim istifadə etmişəm və inanıram ki, tədrisimi başa vurana qədər buranın daimi qonağı olacağam.

Kitabxana fonduna ADDA müəllimlərinin müəllifləri olduğu dərslik və dərs vəsaitləri də daxildir. Bu vəsaitlər daim yenilənir və Akademiyanın mətbəəsində çap edilir. Yola saldığımız 2019-cu il ərzində kitabxana fondu 490 ədəd yeni ədəbiyyatla zənginləşib.

İnternetlə beynəlxalq informasiya şəbəkəsinə çıxışı olan ADDA kitabxanasının oxucuları müxtəlif mənbələrdən lazım olan ədəbiyyatdan yararlana bilirlər. Eyni zamanda   tədris-metodik vəsaitləri, laboratoriya işləri, fənn mühazirələrinin, imtahan testlərinin elekron variantından istifadə edirlər.

Tələbələrdə ana dilimiz- Azərbaycan dilinə və yurdumuzun tarixinə sevgi və maraq oyatmaq üçün görkəmli yazıçı və şairlərimizin, tarixçilərimizin əsərləri də xüsusi yer alıb.

Bir sözlə, istər imtahan sessiyası zamanı, istərsə də semestr ərzində tələbələrimiz üçün həmişə açıq olan ADDA kitabxanasında öz bilik və dünyagörünüşlərini zənginləşdirmək üçün ədəbiyyat tapmaq mümkündür. 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır