G-nin nümayəndəsi “Neft dağılmalarına qarşı cavab tədbirləri” seminar-müşavirədə iştirak
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin təşkilatçılığı ilə “Neft dağılmalarına qarşı cavab tədbirləri” mövzusunda seminar-müşavirə keçirilib. Ümummilli lider Heydər Əliyevin xatirəsinin anılması ilə başlayan tədbirdə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətini Keyfiyyət, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi (KSƏTƏMM) departamentinin rəisi Ələkbər Əzizli təmsil edib. Ələkbər Əzizli “Gəmiçilikdə dənizin neftlə çirklənməsinin qarşısının alınması istiqamətində yerinə yetirilən tədbirlər” adlı məruzə ilə çıxış edib. Bildirib ki, çoxşaxəli dəniz xidməti göstərmək imkanına malik olan “AXDG” QSC-də ətraf mühitin mühafizəsi, o cümlədən ekoloji idarəetmə yönümündə əhəmiyyətli işlər görülüb. Departament rəisi neft dağılmaları ilə mübarizə yönümündə icra olunan müxtəlif tədbirlər (Cəmiyyəyin “Fövqəladə və qəza hallarında ekoloji təhlükəsizlik haqqında tədbirlər proqramı”, gəmilərdəki “Neft dağılmalarına qarşı gəmi fövqəladə mübarizə planları”, “Böhran Qrupu”, həmçinin “Neftlə mübarizə” təlim-məşqləri) haqqında ətraflı məlumat verib. Fakt və istinadlara əsaslanan məruzə toplantı iştirakçıları tərəfindən maraqla qarşılanıb. Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin təşkil etdiyi tədbirdə Dövlət Neft Şirkətinin (SOCAR), BP Azərbaycan şirkətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Dəniz Administrasiyasının, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsi Su Nəqliyyatında Polis idarəsinin, Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı QSC-nin nümayəndələri də iştirak ediblər.