





ADDA alimləri beynəlxalq konqresdə iştirak ediblər
Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) Tətbiqi Mexanika kafedrasının professorları Yusif Həsənov və Rövşən Hümbətəliyev Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) keçirilmiş “Mexanikada yeni trendlər” adlı I Beynəlxalq elmi konqresdə iştirak ediblər.
Konqresdə ADDA alimləri “Neft hasilatının riyazi modelləşməsi” adlı məruzələri ilə bu sahədə apardıqları elmi tədqiqatları beynəlxalq auditoriyaya çatdırıblar. Məruzədə neft hasilatının qlobal enerji balansındakı rolu və onun iqtisadi-siyasi əhəmiyyəti ön plana çəkilərək, hasilatın artım və azalma mərhələlərinin riyazi modellərlə – xüsusilə diferensial tənliklər, eksponensial və logistik artım modelləri ilə dəqiq proqnozlaşdırılmasının əhəmiyyəti vurğulanıb. Empirik istehsal məlumatlarının bu modellərə uyğunlaşdırılması əsasında onların real vəziyyətin təhlilində effektivliyi və məhdudiyyətləri müzakirə olunub.
Tədqiqat həm maye mexanikası, həm də tətbiqi riyaziyyat sahələrində elmi yenilik kimi iştirakçılar tərəfindən yüksək qiymətləndirilib, nəticə olaraq hər iki professor təşkilat komitəsi tərəfindən sertifikatla təltif edilib.
Konqres Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin (TUMTMK) və ADPU-nun təşkilatçılığı ilə, İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texniki Universiteti, eləcə də AMEA-nın müvafiq institutlarının dəstəyi ilə təşkil olunub.
Tədbirdə strukturlar mexanikası, bərk cisim mexanikası, maye mexanikası, tətbiqi mexanika, tətbiqi riyaziyyat və kompozit materiallar sahələrində 150-yə qədər elmi məruzə təqdim edilib.