Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-20,
Seanews
Heyder Eliyev

Şəhidlik zirvəsinə ucalan ADDA məzunları ziyarət olunub

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) “Azərbaycan Dövlət Dəniz Akademiyası” PHŞ-nin əməkdaşları Ramazan bayramı ərəfəsində Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan ADDA məzunlarının məzarlarını və onların ailəllərini ziyarət ediblər.

Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış ADDA məzunları Novruzov Allahverdi Bəhram oğlu, Qədirbəyli İnqilab Tofiq oğlu və İmanov Bayrı Mirzə oğlunun əziz xatirəsi Salyan rayonunda öncə yaşadıqları evdə yad edilib. Daha sonra ailə üzvləri və yaxınları ilə birlikdə qəhrəmanlarımızın məzarları ziyarət olunub, onların məzarlarına gül dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Xatirə günündə şəhidlərimizin akademiyadakı tələbəlik illərindən, döyüş yolu və vətənpərvərliklərindən, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdikləri igidliklərdən danışılıb.

ADDA-nın "Gəmi sürücülüyü"  fakültəsinin, eləcə də Həmkarlar Təşkilatının nümayəndələri ziyarət zamanı şəhid ailələrinin gündəlik qayğıları ilə də maraqlanıblar. Həmçinin, onlara ADDA ailəsi adından zəruri bayram ərzaqlarından ibarət sovqat təqdim ediblər.

Görüşlərdə bildirilib ki, dövlətimizin daim diqqət və qayğısı ilə əhatə olunan şəhid ailələrini ziyarət etmək və şəhidlərimizin xatirəsini əziz tutmaq hər kəsin vətəndaşlıq borcudur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır