Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

30 yaşında kapitan vəzifəsinə yüksələn dənizçi - VİDEO

Əslində onun arzusu təyyarəçi olmaq idi. Son mərhələdə fikrini dəyişib, atasının yolunu davam etdirmək qərarına gəlib və dənizçiliyi seçib. İndi peşəsini həyatının ayrılmaz hissəsi, dənizi ən yaxın sirdaşı və dostu hesab edir.

Söhbət Təhmiraz İsmayılovdan gedir. O, 1987-ci ildə Beyləqan rayonu Dünyamalılar kəndində doğulub. 1993-cü ildə birinci sinifə gedib, 2004-cü ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının “Dəniz texnikası və gəmiçilik” fakultəsinə qəbul olub.  2008-ci ildə Akademiyanı bitirərək hərbi xidmətə yollanıb. Bir illik əsgəri vəzifəsini yerinə yetirdikdən sonra Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə işə qəbul olunub.  

Fəaliyyətinə matrosluqdan başlayan Təhmiraz müxtəlif dövrlərdə kapitanın üçüncü, ikinci və baş köməkçisi vəzifələrini icra edib. 2017-ci ildən, yəni 30 yaşında Təhmiraz kapitan vəzifəsinə keçib.  Hazırda ASCO-nun “Professor Gül” gəmi-bərəsinin kapitanıdır. Ələt-Kurık, Ələt-Türkmənbaşı limanları arasında yük daşımalar həyata keçirir. 

Deyir ki, dənizçi özünə güvənməlidir, savadlı olmalıdır. Kapitan kimi məsuliyyətini çox yaxşı anlayır. Heyətin və yüklərin təhlükəsizliyini təmin etmək onun ən birinci vəzifəsidir. Təhmiraz düşünür ki, kapitan həm də yaxşı psixoloq olmalı, heyətlə münasibətlərdə həssaslıq göstərməlidir.

Onu da qeyd edək ki, Təhmiraz İsmayılov ASCO-nun Dəniz Nəqliyyatı Donanması üzrə “İlin gənc dənizçisi” nominasiyası üzrə qalib olub. Hər zaman etimadı doğrultmağı bacaran gənc dənizçi daha böyük uğurlar qazanmaq üçün daim çalışacağını bildirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır