Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2022-09-26,
Seanews
Heyder Eliyev

“Dənizçi Günü” “Suraxanı” gəmi-muzeydə xüsusi proqramla qeyd olunub – FOTOLAR

25 iyun “Dənizçi Günü” “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyində qeyd olunub.

Əlamətdar gün münasibətilə əvvəlcədən “Açıq qapı” elan olunub və muzeyə hər kəsin sərbəst girişinə imkan yaradılıb.

“Dənizçi Günü” münasibəti ilə gəmi-muzeyin göyərtəsində həm böyüklər, həm də uşaqlar üçün DJ və animatorların iştirakı ilə musiqili və əyləncəli müxtəlif proqramlar təşkil edilib.

Bundan başqa, gəmidə dənizçilik və gəmiçiliyə aid əl işlərinin satıldığı mini yarmarkalar gün ərzində ziyarətçilərin ixtiyarında olub.

236 saylı məktəbin I sinif şagirdlərinin çıxışı isə günü xüsusi maraq qatıb. Şagirdlər dənizçi geyimlərində gəmiçiliyin tarixini, ənənələrini əks etdirən tamaşa təqdim ediblər. Balacaların tamaşasını gəmi-muzeyin qonaqları coşquyla və alqışlarla qarşılayıblar.

Həmçinin, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri də ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. “Təbəssüm” rəqs qrupu da maraqlı çıxışları ilə “Dənizçi Günü”nə rəng qatıblar.

Tədbir çərçivəsində həmçinin muzeyin ekspozisiya zallarına ödənişsiz ekskursiyalar təşkil olunub. Ziyarətçilərə gəmiçilik, burda nümayiş olunan eksponatlar, eləcə də fədakar dənizçilərin şərəfli və çətin peşələri haqqında ətraflı məlumat verilib. Ödənişsiz ekskursiyalardan gün ərzində 3000-ə yaxın vətəndaş yararlanıb.

 Qonaqların maraqla izlədiyi tədbirlərdən biri ASCO-nun “Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun yelkənçilərinin “Suraxanı” kuboku uğrunda yarışı olub. 30 yelkənçinin qatıldığı mübarizədə “Lazer” sinifi üzrə yarışın birinciliyini  İsmayıl Kərimov əldə edib. Bu sinif üzrə Mixail Protasov və Anton Velyayev isə müvafiq olaraq ikinci və üçüncü yeri tutublar. “Optimist” sinifi üzrə birinci yerdə Arina Korableva, ikinci yerdə Fuad Rəhmanov, üçüncü yerdə Rozaliya Dubençova qərarlaşıb.

Bütün bunlarla bərabər gəminin girişində, Dənizkənarı Bulvar ərazisində “I IOVE SEA” kompozisiyası  və dənizçi formalarının əks olunduğu foto-zona quraşdırılıb. Ziyarətçilər burada şəkil çəkdirmək fürsətini əldən verməyiblər.

Bir sözlə, gəmi-muzeydə “Dənizçi Günü” təqdim olunmuş proqram hər kəsin, həm paytaxt sakinlərinin, həm şəhərimizin qonaqlarının böyük marağına səbəb olub. Burada iştirak edən dənizçilər isə bu cür tədbirlərin təşkilindən məmnunluğunu ifadə edib və yaradılan şəraitə görə ASCO ailəsinə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, səhər saatlarından başlayan proqram çərçivəsində gəmi-muzeyi ümumilikdə 5000-dən çox şəxs ziyarət edib.

Tədbir və ekskursiyaların təşkilində “Gənc Könüllülər” İctimai Birliyinin könüllüləri dəstək olub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır