Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2026-02-17,
Seanews
Heyder Eliyev

Dəniz yolu ilə taxıl daşınmasında bum: 2026-cı il rekordla başlayıb

"Ursa Shipbrokers" şirkətinin hesabatına görə, 2025-ci ildə dəniz yolu ilə kənd təsərrüfatı məhsullarının daşınması rekord həddə – 716,5 milyon tona çataraq əvvəlki illə müqayisədə 1% artıb. Arpa, qarğıdalı, buğda və soya kimi məhsulları əhatə edən bu artım, son onilliyin ən yüksək göstəricisi kimi qeydə alınıb.

“Seanews.az” xəbər verir ki, 2025-ci ilin ilk yarısında yükləmələrdə 6%-lik azalma müşahidə olunsa da, ilin ikinci yarısında 7%-lik sıçrayış baş verib. Bu bərpa xüsusilə "Panamax" və "Geared" tipli gəmilər üçün fraxt bazarını (daşıma qiymətlərini) canlandırıb.

Artım tempi 2026-cı ildə daha da sürətlənib. Yanvar ayında yükləmələr ötən ilin eyni dövrü ilə müqayisədə 8% artaraq son on ilin yanvar ayı üçün ən yüksək göstəricisinə imza atıb. Cənubi Amerikanın şərq sahili və ABŞ-nin Körfəz bölgəsindən ixracat müvafiq olaraq 22% və 26% artıb.

BIMCO-nun təhlilinə əsasən, 2026-cı ilin ilk altı həftəsində taxıl daşımaları 15% yüksəlib. Bu artıma əsas səbəb Cənub yarımkürəsindəki rekord məhsuldarlıqdır. Belə ki, Braziliyada soya istehsalının rekord həddə - 180 milyon tona çatacağı gözlənilir (qlobal hasilatın 42%-i). Argentina və Avstraliyada isə buğda istehsalında yeni rekordlar qeydə alınıb.

Uzaq məsafəli daşımaların 17% artması gəmilərə olan tələbatı yüksəldib. "Baltic Exchange Panamax" indeksi ilin ilk həftələrində ötən illə müqayisədə orta hesabla 69% bahalaşıb. Taxıl daşımaları hazırda "Panamax" seqmentində ton-mil tələbinin üçdə birini təşkil edir.

BIMCO 2026-cı ilin yekununda qlobal taxıl daşımalarının 5-6% artacağını proqnozlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır