

Ağ dənizin sularında Ağ balinanı da görmək mümkündür
Ağ dənizi bir vaxtlar "Donmuş" adlandırıblar. Şimal Buzlu okeanın bu daxili dənizi sonradan Ağ dəniz adlandırılıb.
“Seanews.az”-ın məlumatına görə, demək olar ki, hər tərəfdən quru ilə həmsərhəddir və Müqəddəs burnu ilə Konuşin burnu arasındakı sərhəd boyunca Barents dənizi ilə birləşir.
Ağ dənizdə fırtınalar zamanı dalğaların hündürlüyü 5 metrə çatır.
Sahəsi təxminən 90.000 km², maksimum dərinliyi 360 metr olan Ağ dəniz, sirli və sərt su hövzələrindən biridir. Arxangelsk bölgəsinin Ağ dənizə axan dərin çayları onu nisbətən duzsuz edir və saat əqrəbinin əksinə dairəvi bir cərəyan yaradır.
Qışda qismən buzla örtülən Ağ dəniz nəqliyyat sektorunda mühüm rol oynayır. Sahillərində Arxangelsk, Belomorsk, Kem, Oneqa, Mezen kimi bir çox liman şəhərləri yerləşir. Ən əhəmiyyətli limanı Arxangelskdir.
Ağ dəniz qızılbalıq, navaqa, treska, siyənək və s balıqları ilə məşhurdur. Dünyanın ən böyük suitisi - saqqallı suitinin yaşadığı bu dənizin sularında Ağ balinanı da görmək olar.