Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-16,
Seanews
Heyder Eliyev

Zəfər Günü münasibətilə ASCO əməkdaşları arasında şahmat turniri keçirilib

Zəfər Günü münasibətilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) struktur idarələrinin əməkdaşları arasında şahmat turniri keçirilib.

Turnirdən öncə Vətən uğrunda Şəhidlik zirvəsinə ucalan qəhrəmanları bir dəqiqəlik sükutla yad edilib, onların adları və şəkilləri həkk olunmuş xatirə lövhəsinin önünə gül düzülüb.

Daha sonra turnirə start verilib. Yarışda Xəzər Dəniz Neft Donanması, Dəniz Nəqliyyatı Donanması, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodu, “Bibiheybət” Gəmi Təmiri Zavodu, “Zığ” Quru Yük Limanı, Azərbaycan Dövlət Dəniz Akademiyası, Təlim Tədris Mərkəzinin 30 əməkdaşı iştirak edib.

Üç mərhələdə baş tutan turnirin qalibi ADDA-nın müəllimi Oqtay Poladov olub. Sonrakı yerlərdə BGTZ-nin əməkdaşı Arif Muradov, XDND-nin əməkdaşı Rafael Əzizov qərarlaşıb.
Turnirin bağlanış günü Şəhid valideynləri ilə görüş keçirilib. Qalibləri də elə qəhrəmanların valideynləri mükafatlandırıblar.

ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin rəisi İlqar Oruclu Şəhid valideynləri ilə görüşdə bildirib ki, canlarını Vətən uğrunda fəda edən igid oğullarımız şərəfli ömürləri ilə öz adlarını tariximizə qızıl hərflərlə həkk etdilər. Onların xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Bu cür tədbirlərin təşkilində də məqsəd Şəhidlərimizin xatirəsini uca tutmaq, yaşatmaqdan ibarətdir. Hər zaman Sosial Korporativ Məsuliyyəti çərçivəsində ASCO və ASCO rəhbərliyi belə tədbirlərin təşkilinə önəm verir. Gələcəkdə də bu tip yarışların və turnirlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, şahmat turniri ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsi ilə Azərbaycan Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı tərəfindən birgə təşkil olunub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır