

Sərnişinlərdən birində koronavirus aşkarlandığı üçün gəmi vaxtından əvvəl limana qayıdıb
Sinqapurdan "heç yerə" səfərinə çıxan “Dream Cruises” gəmisi sərnişinlərdən birinin koronavirus testi müsbət çıxdığı üçün vaxtından əvvəl limana qayıdıb.
"Seanews.az" bu barədə CNN telekanalına əsasən məlumat verir.
Dünən gecə bütün sərnişinlərə şübhəli koronavirus hadisəsi barədə məlumat verilib, göyərtədə bütün işlər dayandırılıb və gəmi vaxtından əvvəl Sinqapura qayıdıb.
Heyətin bildirdiyinə görə, dərhal yoluxmuş insanla sıx təmasda olanlar müəyyən edilib, lakin onların koronavirus testlərinin nəticəsi mənfi olub. Buna baxmayaraq, “şübhəlilər”in hamısı gəmini tərk edən ilk şəxslər olacaq.
Sinqapur rəhbərliyi keçən ilin noyabrından kruiz gəmisinin "heç yerə" səyahətlərinə, yəni digər ölkələrə daxil olmadan bir neçə gün dənizə çıxmasına icazə verib.
Müəyyən olunmuş tələblərə görə, bütün sərnişinlər gəminin göyərtəsinə qədəm basmazdan əvvəl koronavirus testindən keçməli, gəmidə maska taxmalı və sosial məsafəni gözləməlidirlər.