• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Bermud üçbucağının sirri hələ də ən böyük müəmma olaraq qalır

Bermud üçbucağında baş verən qeyri-adi hadisələr barədə eşitməyən yoxdur. Amma müxtəlif əşyaları və hətta insanları udan bu üçbucağın necə bir zona olduğunu çox az adam bilir. Əslində, Bermud üçbucağı Atlantik okeanın üçbucaq formasında olan sahəsidir.

Bu zonadan şimalda Bermud adaları, qərbdə Mayami, cənubda Puerto-Riko yerləşir. Onun qeyri-adiliyi bundadır ki, gəmi və təyyarələr məhz burada çox qəribə bir şəkildə yoxa çıxır, sonradan aşkar ediləndə isə içərisindəki insanların izi-sorağı olmur. Buna görə də insanlar Bermud üçbucağı haqqında çoxlu rəvayət və əfsanə yaradıblar.

Təyyarə və gəmilər çox vaxt Bermud üçbucağı rayonunda pilot və kapitanların yol verdikləri səhvlərə görə qəzaya uğrayırlar, hərçənd çoxları bu hadisələri həmin zonadakı müxtəlif anomaliyalar ilə bağlamaq cəhdlərindən əl çəkmirlər.

Bermud üçbucağı zonasında olanların çoxu müşahidə edib ki, burada kompas özünü qəribə aparır, yanlış göstərir, yaxud tamamilə sıradan çıxır.

Bəzi alimlər Bermud üçbucağı zonasındakı itkiləri dünya okeanının əsas cərəyanlarından biri olan Holfstrimlə bağlayırlar.

Suyun altında 9 kilometr dərinliyində olduğundan, bu rayonda batmış hər hansı obyekti tapmaq qeyri-mümkündür.

Bermud üçbucağı rayonunda tez-tez sərt tropik siklonlar, fırtınalar və qasırğalar müşahidə olunur. Qəfildən baş verən bu təbiət hadisələri kiçik gəmilərin fəlakətinə çevrilir.

Bəziləri hesab edir ki, itkin düşən təyyarə və gəmilər zamanın tələsinə və portallarına düşür. Onlar öz yerində olur, amma tamamilə başqa zamanda. Tapılmayan gəmilər sadəcə bu tələdən çıxa bilmir.

Bununla belə, Bermud üçbucağı zonasında müəmmalı hadisələr mövcuddur və heç kəs bunu təkzib edə bilməz. Bu rayonda müəmmalı yoxaçıxma halları dedikcə çoxalıb.

1945-ci ildə ABŞ-a məxsus hərbi təyyarə eskadrilyası ilə bağlı mistik hadisə ən məşhur əhvalatlardan biridir. İçərisində 14 heyət üzvü olan beş bombardmançı təyyarə məşq uçuşu zamanı radarın ekranından yoxa çıxıb. On üç heyət üzvü ilə onların axtarışına yollanan təyyarə də ilim-ilim itib. Şahidlər bildirirlər ki, son 100 ildə Bermud üçbucağı zonasında təqribən 100 gəmi və təyyarə itib. Bundan əlavə, elə hallar olub ki, heyət üzvləri yaxşı vəziyyətdə olan gəmiləri tərk ediblər.

Təəssüf ki, nə mistik anomaliya tədqiqatçıları, nə də alimlər bu işdən baş çıxara bilmir. Buna görə də Bermud üçbucağının sirri hələ də ən böyük müəmma olaraq qalır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır