• Bakı, 2020-10-25,
Seanews
Heyder Eliyev

Su ehtiyatlarının həcminə görə yalnız Xəzər dənizindən geri qalan Baykal həm də dünyanın ən dərin gölüdür

Baykal Yer kürəsinin ən dərin gölüdür. Dərinliyi 1642 metrə çatır. Şərqi Sibirin cənubunda yerləşən tektonik mənşəli bu göl, eyni zamanda, böyük təbii şirin su hövzəsidir. Təxminən 25 milyon il bundan əvvəl yarandığı ehtimal olunur.

Baykal gölü və ona yaxın ərazilər flora və faunanın unikal müxtəlifliyi ilə fərqlənir. Asiya qitəsinin mərkəzində, Rusiya Federasiyasının İrkutsk vilayəti və Buryatiya Respublikası sərhədində yerləşən bu göl uzunluğu 620 kilometr, eni isə 24 kilometrdən 79 kilometrə qədər dəyişən nəhəng aypara şəklindədir. Baykal gölünün dibi dəniz səviyyəsindən 1167 metr aşağıda, su səthi isə 455,5 metr hündürdə yerləşir. Su səthinin sahəsi 31,722 kvadratkilometr olub Belçika və Niderland kimi ölkələrin sahəsinə bərabərdir. 

Su ehtiyatlarının həcminə görə Baykal yalnız Xəzər dənizindən geri qalır. Lakin Baykal gölündən fərqli olaraq Xəzər dənizinin suyu duzludur. Baykal gölünün suyu soyuq və şəffafdır, suyunda həll olmuş mineralların və orqanik qarışıqların miqdarı həddən artıq az, oksigenin miqdarı isə çoxdur.

Göldə su o qədər şəffafdır ki, daş parçaları və müxtəlif cisimlər 40 metr dərinlikdə belə aydın görünür. Bu şəffaflıq adətən baharda – su mavi çalar alanda daha çox diqqət çəkir.  

Baykal gölündə 27 ada var. Onlardan ən irisi Oyxon adasıdır. Xilmen-Xuşun isə gölün ən iri yarımadasıdır.

Baykal ərazisi yüksək seysmik ərazilər sırasına daxildir. Burada daim zəlzələlər baş verir, küləklər isə göldə qasırğalar yaradır.

Göldə 2600 növə yaxın su heyvanı yaşayır. Onların yarıdan çoxu endemik canlılardır, yəni yalnız bu su hövzəsində yaşayırlar. Məşhur Baykal kütümü və digər qızılbalıq fəsiləsinə mənsub balıqlarla zəngin göldə “qırmızı” balıqların bir növü – Baykal nərə balığı da yaşayır. Canlı orqanizmlərin bolluğu Baykal gölünün bütün hissələrində oksigen bolluğu ilə izah olunur.

Bir çox quşlar Baykal gölünün sahilində yuva qururlar. Hər bahar qağayı və qarabatdaqlar gölün qayalı sahillərində məskunlaşır, qonur ayılar sahilə daha çox yaxınlaşır. Dünyada yeganə şirin su suitisi olan Baykal nerpası, Baykalyanı dağ tayqalarında yaşayan və dünyanın ən kiçik maralı sayılan Sibir cüyürü da bu bölgənin endemik heyvanlarındandır.

Baykal gölü 1996-cı ildə UNESCO-nun dünya irsi siyahısına daxil edilib.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır