Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-04-27,
Seanews
Heyder Eliyev

“Troll-A” - unikal dəniz qaz hasilatı platforması

Neft və qaz hasilatı platformaları, eləcə də qazma platformaları dünyanın ən böyük strukturlarından biridir. “Troll-A” qaz istehsalı platforması ən nəhənglərdən biri olmaqla yanaşı, tarixin ən yüksək və ən mürəkkəb texniki layihələrindən biridir.

«Troll Oil Platform» 1991-ci ilin iyulunda Norveçdə “Shell Norske” şirkəti üçün inşa edilib. Təməli və üst hissəsi ayrı-ayrılıqda inşa olunub. Hissələrin birləşdirilməsi 1995-ci ildə həyata keçirilib.  

“Troll” qaz yatağı

“Troll-A” platforması Norveçin qərb sahilindən 174 dəniz mili məsafəsində, Avropanın ən böyük dəniz qaz yatağında quraşdırılıb. Bu yatağın ehtiyatları 1,3 milyard kubmetrdir. Bu, Norveçin qitə şelfindəki bütün qaz ehtiyatlarının 60% ni təşkil edir. Platformanın mənbəyi 70 illik fasiləsiz işləmə üçün nəzərdə tutulub.  Platforma dənizin dibində quraşdırılıb.


Tikintinin dəyəri

Qaz yatağının inşasına 5 milyard dollar xərclənib. İnşa müddəti 1991-ci ilin iyulundan 1994-cü ilin dekabrına qədər davam edib.  Qravitasiya əsaslı təməlin tikintisi 500 milyon dollara başa gəlib. Bu müddətdə istehsal olunan qazın nəqli üçün diametri 91 santimetr olan iki boru kəməri çəkilib,  platformanın özü tikilib. Bu proses  təxminən 1,7 milyard dollara başa gəlib. Eyni vaxtda Norveç sahillərində, Kolsnesdə qaz emalı zavodu da inşa edilib.




Platformanın konstruksiyası


Platformanın əsas konstruksiyası onun qravitasiya əsaslı təməlidir. Təməlin hündürlüyü 369 metr, ağırlığı isə 656 min tondur. Platformanın özünün, qazma avadanlığının və işçilər üçün yerlərin ümumi çəkisi 22,5 min tondur.

Platformanın təməli Norveçin Stavanger bölgəsindəki quru tərsanədə hazırlanıb. Təməl 40 metr hündürlüyü olan 19 dəmir-beton silindirdən ibarətdir. 




İnnovasiyalar

Bu yüksək dayaqların inşasında sürüşən qəlib üsulundan istifadə edilib. O dövrdə beton konstruksiyaların inşasında bu yeni bir nailiyyət idi.  Tərkibinə beton tökdükdən sonra hidravlik tıxaclardan istifadə edərək yavaş-yavaş hərəkət olunur. İlkin mərhələdə qəlib betonla doldurulur.  Sonra hər on dəqiqədə ona beton əlavə olunaraq qəlib yavaş-yavaş bir neçə santimetr yuxarıya doğru uzanır. Beton dibi qəlibin alt kənarından çıxdıqda, artıq yuxarıdan gələn yükə dözmək üçün kifayət qədər möhkəmlənir. Bu proses üçün 245 min kubmetr beton istifadə edilib.

Platformanın  yuxarı polad hissəsi 1992-ci ilin avqustundan 1994-cü ilin dekabrına qədər yaxınlıqdakı “Aker Stord” Gəmiqayırma Zavodunda inşa edilib. Platformanın iki hissəsi 1995-ci ilin yanvarında birləşdirildi. Barjaların köməyi ilə ölçüsü 170 x 51 metr olan yuxarı hissə təməlin üstünə qoyularaq aşağıya endirildi. Nəticədə 6,5 metr hündürlükdə olan hissəsi suyun üstündə qaldı. Yuxarı hissə lazımi vəziyyətdə quraşdırıldıqdan sonra beton dirəklərin içərisində olan su boşaldıldı və yuxarı hissə daha 30 metr hündürə qalxdı.



Platformanın daşınması

Platformanın inşası və quruluması bitəndən sonra onun qaz yatağı ərazisinə yedəyə alınması prosesinə hazırlıq başladı. Dünyanın 10 ən böyük yedək gəmisi 1 həftə ərazində platformanı 278 kilometr məsafəyə apardı.

Platformanın nəhəng olmasına baxmayaraq, nazik dayaqları dəniz dalğalarına az müqavimət göstərirdi. Platforma lazımi yerə çatdırıldıqda, onun suyun dibinə enməsi üçün təməldəki silindrlər tədricən su ilə dolduruldu.  Nəticədə, platform 36 metr dərinlikdə suya endirildi.

Platformanın silindr beton dirəklərinə “Akkord” birləşdirilir. “Akkord”  dirəklərin hər hansı bir qüvvəyə tab gətirməsini təmin edən dəmir-beton qutudur. Dəniz dibinə basdırılmış xüsusi lövbərlər “Troll-A” platformasını yerində saxlayır.



“Troll-A” platforması barədə maraqlı faktlar

1996-cı il oktyabrın 1-dən Troll-A platformasından Norveç sahillərinə qaz tədarük edilməyə başladı. Qaz hasilatının 70 il davam edəcəyi və 1,3 milyard kubmetr olacağı təxmin edilir.

Platforma 750 kv/m sahəni əhatə edir. Xammal ehtiyatları dəniz səviyyəsindən 1,4 km dərinlikdə yerləşir.

Platformanın qravitasiyalı təməlinin inşasında istifadə olunan beton, 215 min adi yaşayış binasının təməlinə kifayət edər.

Platformanın inşasında 100 min ton polad istifadə edilib.

Platformanın ümumi uzunluğu 472 metrdir.

İstehsal olunan qaz platformanın boru kəmərləri ilə 890 m/s sürətlə ötürülür. Bu sürət, istehsal həcmini artırmaq üçün iki qaz kompressoru tərəfindən təmin edilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır