• Bakı, 2020-04-03,
Seanews
Heyder Eliyev

"Vasa" müzeyində sərgilənən gəmi - FOTO

Stokholmdakı "Vasa" muzeyi bir sıra amillərə görə məşhurdur. Bu muzeyin əsas eksponatı 1628-ci ildə kral II Qustav Adolfun göstərişi ilə inşa edilmiş və İsveç donanmasına məxsus olmuş iri döyüş gəmisidir. Bundan əlavə, muzeyə gələnlər 11 daimi sərgidə həmin gəminin inşa edilməsi, gəmidə işləyənlərin məişəti, gəminin batması, 330 ildən sonra onun aşkar edilməsi və su altından qaldırılması barədə məlumat alırlar.

Çəkisi 1200 ton, uzunluğu 69, eni 11,7 metr olan "Vasa" döyüş gəmisindən İsveçin hərbi dəniz qüvvələrinin flaqmanı kimi istifadə edilməsi nəzərdə tutulurdu. Həm daxildən, həm də bayır tərəfdən bahalı materiallardan istifadə edilməklə, məşhur rəssam və sənətkarların iştirakı ilə tərtib olunmuş bu gəminin hazırlanmasında Almaniya və Hollandiya mütəxəssisləri də iştirak ediblər.

Gəmi ilk dəfə 1628-ci il avqustun 10-da dənizə çıxıb, lakin Stokholm limanından azacıq uzaqlaşandan sonra külək gəmini aşırıb. Gəmidə silahlar üçün nəzərdə tutulan boşluqlardan dolan su onu batırıb və 30 nəfərin həyatına son qoyulub. Lakin bu ssenari yalnız ehtimala əsaslanır, çünki gəminin batmasının dəqiq səbəbi hələ də məlum deyil. Müasir dövrdə alimlərin riyazi hesablamaları və aparılmış ölçmələr bu nəticəyə gəlməyə əsas verir ki, texniki baxımdan bütün işlər düzgün görülüb.

Gəmi batandan sonra onun içindəki toplar suyun altından qaldırılıb, gəmi özü isə 330 ildən çox elə batdığı yerdə qalıb.

1956-cı ildə isveçli dəniz texniki və həvəskar arxeoloq Anders Fransen "Vasa" gəmisini aşkar edib. Gəminin qaldırılmasının baha başa gələcəyi ilə əlaqədar uzun-uzadı diskussiyalardan sonra 1961-ci ildə nəhayət onu sudan qaldırıblar. Bundan sonra gəminin təmizlənməsi və tədqiqi başlanıb. Təmizlik işlərindən sonra gəminin xarici təsirdən qorumaq məqsədilə konservasiya etmək üçün onun üzərinə xüsusi boya çəkilib. Bu işlər 17 il davam edib. Bərpa prosesində gəminin dalğıclar tərəfindən sudan qaldırılmış 14 minə yaxın detalından istifadə edilib. Sonda alimlər bu gəminin tikilməsi zamanı istifadə edilmiş orijinal oduncağın 98 faizini ilkin formada qoruyub saxlaya biliblər.

1961-ci ilin axırlarından 1988-ci il dekabr ayına qədər "Vasa" sərgi meydançası da daxil olan müvəqqəti yerdə saxlanılıb. Burada gəminin üstündə yeni bina tikilib, lakin bu binanın çox darısqal olması konservasiya işlərini çətinləşdirirdi. Sərgiyə gələnlər gəmini yalnız iki səviyyədən görə bilirdilər. Çox yerdə baxış məsafəsi cəmi iki metrə bərabər idi, bu isə tamaşaçıların gəmini müşahidə etməsini çətinləşdirirdi. Buna görə 1981-ci ildə İsveç hökuməti daimi bina tikməyi qərara aldı. 1990-cı ildə yeni bina istifadəyə verildi və o vaxtdan "Vasa" həmin muzeydədir.

2003-cü ildə alimlər bu gəminin saxlanılması üçün yeni layihə üzərində işə başlayıblar. Bu gün "Vasa" muzeyi Stokholmun incisi və Skandinaviyada ən çox baxılan muzeylərdən biridir. Hər il təqribən 1,5 milyon insan bu muzeyə tamaşa edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır