• Bakı, 2019-11-12,
Seanews
Heyder Eliyev

class="content-title">Arktika və Antarktidada tədqiqat üçün kosmosa mikropeyk buraxılacaq

Çin Arktika və Antarktidada iqlimin və ətraf mühitin tədqiqatı üçün bu ay kosmosa mikropeyk buraxacaq. Bu barədə kosmik aparatı işləyib hazırlayan mütəxəssislər bildiriblər.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, 10 kiloqram çəkiyə malik olan, yüksək ayırdetmə kamerası ilə təchiz edilən “Sinşi-1” peyki (“BNU-1”, yaxud “Ice Pathfinder”) 5 gün ərzində Yer kürəsinin hər iki qütbünün tam örtülməsini təmin etməyə qadir olacaq və buzlaqların axın üzrə hərəkətini və şelf buzlaqlarının əriməsi prosesini izləməyə imkan verəcək.

Kosmik aparatın göyərtəsində, həmçinin dənizdə gəmilərin naviqasiyasının təhlükəsizliyinin gücləndirilməsi üçün nəzərdə tutulan avtomat identikləşmə sistemi cihazları quraşdırılıb.

“BNU-1” peyki Pekin Pedaqoji Universitetinin və “Dongfanghong Development” Şençjen aerokosmik texnologiyaları şirkətinin əməkdaşları tərəfindən işlənib hazırlanıb. Peykə nəzarəti Çinin birləşmiş universitet qütb tədqiqatları mərkəzi təmin edəcək.

Peykin nəzərdə tutulan xidmət müddəti bir il təşkil edir. Layihənin elmi rəhbəri Çen Syayo bildirib ki, peykin köməyi ilə alınan məlumatlar qlobal iqlim dəyişikliklərinin öyrənilməsində və Arktika gəmiçilik marşrutlarının işlənib hazırlanmasında kömək olacaq.

Əvvəllər Çin alimləri qütb tədqiqatlarını xüsusən gəmi və stansiyalar tərəfindən toplanan məlumatlar əsasında aparırdılar. Məsafədən zondlama peyk texnologiyasından istifadə gediş-gəlişi çətin olan rayonların öyrənilməsinə daha çox imkan yaradacaq.

“Bu peyk qütb müşahidələri üzrə məlumatlarda boşluqları dolduracaq və Çinə digər ölkələrdən texnoloji cəhətdən daha az asılı olmağa imkan verəcək”, - deyə alim izah edib.

“BNU-1” qütb müşahidələrinin Çin peyk qruplaşmasının ilk kosmik aparatıdır. Bütün sutka rejimində fəaliyyət göstərən belə peyklərin sayı gələcəkdə 24-ə çatacaq.

Bildirilir ki, onların köməyi ilə dünyanın “üçüncü qütbü” kimi tanınan Sinxay-Tibet yaylasının daimi müşahidəsini aparmaq mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır