Psixoloqlar dənizçilər üçün ən həssas saatları açıqlayıblar
Psixi sağlamlıq üzrə mütəxəssislər axşam saat 18:00–22:00 aralığını dənizçilər üçün emosional baxımdan ən həssas vaxt kimi qiymətləndirirlər.
“Seanews.az” xəbər verir ki, bu saatlarda tənhalıq və emosional yorğunluq hissi xüsusilə güclənir.
“OneCare Group”un məlumatına görə, Amerika Psixoloji Assosiasiyasının araşdırmaları göstərir ki, tənhalıq hissi əsasən axşam saatlarında artır. Dənizdə ailədən və sahil həyatından uzaq olan heyət üzvləri üçün bu dövr daha çətin keçir. Günün sonunda iş gərginliyinin azalması, qısa gün işığı və sosial mediada ailəvi görüntülərin izlənməsi emosional təzyiqi daha da artırır.
SEAFiT təşkilatının 2025-ci il üzrə heyət rifahı sorğusu isə dənizçilər arasında psixi sağlamlıq göstəricilərinin azaldığını ortaya qoyub. Sorğuda əsas problemlər kimi psixi sağlamlıq əlamətləri barədə məlumat çatışmazlığı, tibbi təminatın zəifliyi və stresslə mübarizə yollarının kifayət qədər izah edilməməsi qeyd olunub.
Mütəxəssislər gəmi sahibləri və operatorlarını axşam saatlarında psixoloji dəstəyin əlçatanlığını artırmağa, heyətə mövcud yardım mexanizmləri barədə aydın məlumat verməyə və açıq ünsiyyəti təşviq etməyə çağırırlar.

