

Reyndə suyun səviyyəsi yüksəlib, lakin gəmilərin tam yüklə hərəkəti hələ də mümkün deyil
Almaniyada son yağışlar Reyn çayında su səviyyəsinin qalxmasına səbəb olub, lakin çayın əksər hissəsi hələ də gəmilərin tam yüklə üzməsi üçün kifayət qədər dərin deyil.
"Seanews.az" xəbər verir ki, bu barədə şərşənbə günü əmtəə treyderləri bildirib.
İyun və iyul aylarında müşahidə olunan quraqlıq və isti hava şəraiti nəticəsində çayda su xeyli çəkilib. Bu səbəbdən gəmilər tam yüklə üzə bilmədiyindən, operatorlar yükdaşıma tariflərinə əlavə rüsumlar tətbiq edib, bu isə yük sahibləri üçün xərcləri artırıb.
Treyderlərin bildirdiyinə görə, bu həftə yağan yağışlar suyun səviyyəsində ciddi artım yaradıb. Quraqlığın təsiri əvvəlcədən gözləniləndən də çox olub, çünki Reynə tökülən kiçik çaylar və axınların keçdiyi sahələr də çox qurumuşdu.
Hazırda Almaniyada Reyn çayının Duisburq, Köln və Kaub kimi hissələrində suyun dayazlığı gəmiçiliyə əngəl törətməyə davam edir. Lakin bəzi bölgələrdə gəmilər artıq daha çox yük götürə bilirlər. Kaub bölgəsində gəmilər artıq təxminən 70 faiz, Duisburq və Köln şəhərlərində isə 60 faiz yüklə hərəkət edə bilir.
Qeyd edək ki, Reyn çayı taxıl, filiz, kimyəvi maddələr, kömür və neft məhsulları (o cümlədən istilik üçün istifadə olunan mazut) kimi strateji əmtəələrin daşınması üçün Avropanın əsas su yollarından biridir.
Xatırladaq ki, 2022-ci ilin yayında Almaniyada baş verən quraqlıq nəticəsində Reyn çayında suyun səviyyəsi tarixi minimuma enmiş, bu isə ölkənin bir çox sənaye müəssisələrində təchizatın pozulmasına və istehsal problemlərinə səbəb olmuşdu.