

Amerikalı yazıçı 18-ci əsrə aid gəmidən tapılmış qızıl külçələrin qanunsuz satışında ittiham olunur
Amerikalı yazıçı Qay Kourter və onun həyat yoldaşı Filip Kourter 1746-cı ildə fırtınada batmış Fransız ticarət gəmisi "Le Prince de Conty"-dən qanunsuz çıxarılmış qızıl külçələrin satışında iştirak etdikləri iddiası ilə məhkəmə qarşısına çıxa bilərlər.
"Seanews.az" xəbər verir ki, Fransa prokurorluğu oğurlanmış külçələrin satışı ilə əlaqədar cütlüyün məhkəməyə verilməsini tələb edib.
Gəminin qalıqları 1974-cü ildə Fransa sahillərində 10-15 metr dərinlikdə aşkar edilib. 1975-ci ildə bir qızıl külçənin tapılmasından sonra gəmi qanunsuz şəkildə talan edilib.
2018-ci ildə Fransa sualtı arxeologiya rəhbəri ABŞ-də yerləşən hərrac saytında beş qızıl külçənin satışını görüb və bu qızılların həmin gəmidən çıxdığını bildirib. ABŞ hakimiyyəti tərəfindən ələ keçirilən qızıllar 2022-ci ildə Fransaya qaytarılıb.
İstintaq zamanı külçələri internet üzərindən satan şəxsin Florida ştatında yaşayan Qay Kourter olduğu məlum olub. Kourter isə qızılları Fransalı dostları Annette May Pesty və mərhum Gerarddan aldığını iddia edib.
Lakin əsas şübhələr Pestinin qardaşı sualtı fotoqraf Yves Qladu üzərində cəmlənib. 2022-ci ildə saxlanılan Qladu 1976–1999-cu illər arasında batıqdan 16 külçə qızıl çıxardığını etiraf edib.
Fransız istintaqçılar Kourter ailəsinin ümumilikdə 23 qızıl külçəyə sahib olduğunu, onlardan 18-ni isə 192 min dollardan çox məbləğə satdıqlarını müəyyən edib.
Prokurorlar işin 2026-cı ilin payızında məhkəməyə çıxarılacağını gözləyirlər. Kourter ailəsinin vəkili bildirib ki, onlar ABŞ və Fransa qanunvericiliyindəki fərqləri bilmədikləri üçün bu işə qarışdıqlarını düşünməyiblər və satışlardan şəxsi mənfəət əldə etməyiblər.