

Balıq fermasında görünməmiş hadisə: qəfəs cırıldı, minlərlə balıq dənizə töküldü
Cənubi Kipr Respublikasının Limasol şəhəri yaxınlığında yerləşən balıq fermalarında baş verən texniki nasazlıq nəticəsində minlərlə balıq qəfəsdən çıxaraq açıq dənizə qarışıb.
"Seanews.az" xəbər verir ki, hadisə son üç gündə bölgədə həm dənizdə, həm də quruda balıqçılıq fəaliyyətlərinin kəskin artmasına səbəb olub. Hadisədən xəbər tutan yerli balıqçılar dərhal qayıqlarla dənizə çıxaraq bol miqdarda balıq ovlayıblar. Balıq bolluğu balıqçılıq alətləri satışı ilə məşğul olan dükanlarda da böyük canlanmaya səbəb olub.
Son üç gündə bu mağazalarda izdiham yaşanıb, bəziləri isə müştəri tələbatını qarşılamaq üçün gecə yarısına qədər açıq qalıb.
Hadisənin dəqiq səbəbi hələlik məlum deyil. İlkin ehtimallara əsasən, qəfəslərdə struktur zəifliyi və ya güclü su axını kimi amillər hadisəyə səbəb ola bilər. Mövcud vəziyyətlə bağlı texniki ekspertiza davam edir.