Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-07-04,
Seanews
Heyder Eliyev

Hesabat: Dünyada sualtı internet kabellərini təmir edən gəmilərin sayı azalır

Sualtı kabellər qlobal rəqəmsal iqtisadiyyatın ayrılmaz hissəsinə çevrilib. “Infra-Analytics” firması Lissabonda keçirilən “SubOptic – 2025” tədbiri üçün “TelegeGeography” ilə birlikdə kabel internet infrastrukturu ilə bağlı tendensiyalar, problemlər və strategiyalar haqqında hesabat dərc edib.

AZƏRTAC “TeleGeography”yə istinadla xəbər verir ki, kabellərin mühüm rolu infrastruktura əhəmiyyətli investisiyaları məcburi edir, həm də fiber-optik kommunikasiya xətlərinin təhlükəsizliyini və etibarlığını təmin edən hakimiyyət orqanlarından təchizat zəncirlərinə diqqətin artmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, sənayedə genişmiqyaslı dəyişikliklər baş verir - yeni yüksəktutumlu kabellərin istismara verilməsi köhnə kabel infrastrukturunun əhəmiyyətli hissəsinin “təqaüdə çıxması” ilə eyni vaxta təsadüf edir. Bu, yaxın gələcəkdə kabel istismarı sənayesinə təsir göstərəcək və kabel sistemlərinin təmiri və utilizasiyası üçün gəmilərə olan tələbata təsir edəcək. Uzunmüddətli infrastrukturun saxlanması müqavilələrinin davamlılığı və onun səmərəliliyi də sual altındadır. Hesabatda 2040-cı ilə qədər 1,6 milyon kilometr yeni kabellərin çəkiləcəyi proqnozlaşdırılır; eyni tarixə qədər daha 850 min kilometr köhnəlmiş kabellər istismardan çıxarılacaq ki, bunun da 50 faizi 2030-cu ilədək baş verəcək. Sualtı rabitə kabellərinin uzunluğunun 2025-2040-cı illər arasında 48 faiz artacağı proqnozlaşdırılır ki, bu da illik təmirin 36 faiz artmasına gətirib çıxarır.

Proqnozlara görə, 2040-cı ilə qədər 15 kabel texniki gəmisi dəyişdirilməlidir, onlardan beşi yaxın 5 ildə əvəzlənməlidir. 2040-cı ilədək Asiyada ən azı beş əlavə xidmət gəmisi tikilməli, gəmilərin dəyişdirilməsi və donanmanın genişləndirilməsi üçün təxminən 3 milyard dollar investisiya lazımdır.

2040-cı ilə qədər ümumi kabel uzunluğunun 48 faiz artması ilə bir çox köhnəlmiş kabellər növbəti beş ildə istifadədən çıxarılacaq. Bu, labüd fasilələrə gətirib çıxaracaq. Cənub-Qərbi Sakit okeanın qeyri-adi dərəcədə yüksək səviyyədə kabel infrastrukturunun təmiri tələbləri ilə qarşılaşmağa davam edəcəyi gözlənilir. Bu amillər artan kabel şəbəkəsinin uzunluğu və köhnəlmiş təmir donanması ilə birlikdə xidmət keyfiyyətini qorumaq üçün daha çox gəmiyə ehtiyacı nəzərə almağı zəruri edir. 2040-cı ilə qədər kabel infrastruktur gəmilərinin təxminən yarısı (47 faiz) 40 illik ömrünün sonuna yaxın olacaq. Xidmət gəmiləri üçün vəziyyət daha da pisdir, donanmanın 64 faizi o vaxta qədər 40 yaşını tamamlayacaq. Eyni zamanda, kabel infrastrukturunun özünə də əhəmiyyətli investisiyalar qoyulur ki, bu da onlara xidmət göstərən donanmaya məhdud investisiya qoyuluşu ilə ziddiyyət təşkil edir.

Yaxın illərdə kabel idarəetmə sistemi iqtisadiyyatda mühüm rol oynayacaq. Dünyada bir çox sualtı kabel layihələri həyata keçirilir, onlardan bəziləri həqiqətən qlobal xarakter daşıyır. Hayperskalerlər indi əsas rol oynayırlar. Məsələn, Mark Zukerberqin “Meta” şirkəti “Waterworth” adlı bütün dünyanı əhatə edən internet kabeli çəkmək niyyətindədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır