

Kama çayında yeni yük limanının tikintisinə hazırlıq görülür
Tatarıstanın Alekseyevski rayonunda yeni limanın tikintisi planlaşdırılır.
“Seanews.az” xəbər verir ki, bu barədə TASS-ın müxbirinə respublikanın İnvestisiyaların İnkişafı Agentliyinin rəhbəri Taliya Minullina bildirib.
"Bu, çox böyük layihədir. Hazırda layihə-smeta sənədləri hazırlanır", - o deyib.
Plana görə, yük limanı 2030-cu ilə qədər tam istismara verilməlidir.
Alekseevski rayonunun rəhbəri Sergey Demidov qeyd edib ki, limanın inşası üçün nəzərdə tutulan ərazidən ilkin olaraq Alekseevskoye - Almetyevsk avtomobil yolunun tikintisi çərçivəsində yüklərin boşaldılması və yüklənməsi üçün istifadə edilib.
"Sonra investorlarda belə bir fikir yarandı: bu qədər pul qoyulub, onu inkişaf etdirmək lazımdır", - Demidov əlavə edib.
Artıq obyektin ərazi planlaşdırılması sxemlərində bütün zəruri dəyişikliklər edilib. Yük limanının tikintisi üçün torpaq sahələri ayrılıb.