





















“Suraxanı” gəmi-muzeyini indiyədək 4500 xarici turist ziyarət edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Suraxanı” gəmi-muzeyi təkcə yerli deyil, ölkəmizə gələn xarici qonaqların da ən çox maraq göstərdiyi məkanlar sırasındadır.
Ötən ilin mayından qapılarını ziyarətçilərin üzünə açıq elan edən dünyanın ilk tanker-muzeyinə indiyədək 4500 xarici turist təşrif buyurub.
“Suraxanı” tanker-muzeyi milyonlarla istifadəçisi olan məşhur səyahət saytı “TripAdvisor”da da turistlər tərəfindən müsbət rəy və fikirlər alıb. Platforma istifadəçilərinin rəyinə əsasən, Azərbaycanda yerləşən 218 gəzməli yerin sırasında gəmi-muzey 26-cı sırada qərarlaşıb.
“TripAdvisor” platformasında dünyanın hər bölgəsində yerləşən istirahət və turizm mərkəzləri dəyərləndirilir. Turistlər bu saytı özlərinə “səyahət məsləhətçisi” bilirlər. Belə bir platformada “Suraxanı” gəmi-muzeyinin yaxşı mövqedə yer alması muzeyimizin gələcək ziyarətçilərinin artacağını deməyə əsas verir.
Qeyd edək ki, “Suraxanı” gəmi-muzeyinin ekspozisiyasında nümayiş olunan istər audio-video, istərsə çap materialları Azərbaycan, İngilis və Rus dillərində sərgilənir. Burada təşkil edilən ekskursiyalar da 3 dildə aparılır.