• Bakı, 2022-01-21,
Seanews
Heyder Eliyev

“Wartsila” tikiləcək konteyner gəmilərini mühərrik və sistemlərlə təmin edəcək

Finlandiyanın “Wartsila Technology Group”-u Fransanın “CMA CGM” şirkəti üçün tikilən yeni mayeləşdirilmiş təbii qaz (LNG) konteyner gəmilərini mühərrik və sistemlərlə təchiz edəcək.

“Seanews.az” xəbər verir ki, söhbət Çində inşa ediləcək 12 konteyner gəmisindən gedir. 13.000 TEU tutumlu altı konteyner gəmisi “Hudong-Zhonghua (Group) CO Ltd”-də tikilir. 15 min TEU tutumlu digər altı konteyner gəmisi isə “Jiangnan (Group) Co., Ltd” tərsanəsində inşa edilir. Sifarişlər 2021-ci ilin üçüncü və dördüncü rüblərində verilib.

 “Wartsila”-nın avadanlıqlarının cari ildən başlayaraq tərsanəyə çatdırılması, 12 gəmidən birinin isə 2023-cü ilin üçüncü rübündə suya salınması nəzərdə tutulub.

Daha əvvəl “Wartsila”, 23 min TEU tutumlu doqquz “CMA CGM “gəmisini öhdəsinə götürdüyü avadanlıqlarla təmin etmişdi. 15 min TEU tutumlu beş gəmi üçün bağladığı müqavilənin şərtlərinə də dəqiq və vaxtında əməl olunur. Belə ki, bu gəmilərdən ikisinin inşası başa çatdırılmış, üç gəminin tikintisi isə hazırda davam etdirilir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır