• Bakı, 2021-11-28,
Seanews
Heyder Eliyev

Dünyanın ilk avtonom elektrik konteyner gəmisi dənizə çıxıb

“Covid-19” pandemiyası səbəbindən tikintisi təxminən bir il gecikən, avtonom rejim də daxil olmaqla konteynerlərdə gübrələrin daşınması üçün xüsusi olaraq hazırlanmış yeni nəsil “Yara Birkeland” gəmisi ilk səfərinə çıxıb.

“Seanews.az”  xəbər verir ki, Norveçin iri mineral gübrə istehsalçısı “Yara” şirkətinin sifarişi ilə hazırlanan yeni konteyner gəmisinin uzunluğu 80 metr, yükgötürmə qabiliyyəti 120 TEU-dur.

Gəmi il ərzində 40 min adi dizel yük maşını qədər gübrə daşıya biləcək, eyni zamanda 1000 tondan çox karbon qazı və digər zərərli birləşmələrin atmosferə atılmasının qarşısını alacaq.

Elektrik mühərriklərinin istifadəsi nəticəsində atmosferə zərərli emissiyaların atılmaması, həmçinin avtonom rejimdə işləmək imkanı gəminin əsas xüsusiyyətlərindəndir.

“Yara Birkeland” şirkəti gübrələrin istehsal olunduğu Porsqrun zavodundan Norveçin cənub-qərb sahilindəki Brevik və Larvik limanlarına çatdırılmasında təzə gəmiyə üstünlük verəcək. İlkin məlumatlara görə, bu xətlərdə gəminin kommersiya istismarına 2022-ci ildə başlanacaq.

İlk iki il standart rejimdə işləyəcək və bu ölçülü konteyner gəmiləri üçün nəzərdə tutulan heyət tərəfindən istismar ediləcək. Həmin müddət ərzində isə gəminin avtonom rejimdə təhlükəsiz istifadəsi texnologiyaları tam işlənib hazırlanacaq.

2024-cü ildən etibarən gəminin bütün əməliyyatlarının uzaqdan - Norveçin Horten şəhərində yerləşən “Massterly” şirkətinin sahil idarəetmə mərkəzindən dəstəklənməsi  nəzərdə tutulur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır