Yeni süni intellekt texnologiyası dənizdə insan həyatının qorunmasında mühüm rol oynaya bilər - VİDEO
Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, 2023-cü ildə MOB (“adam dənizə düşüb”) hadisələri dənizçilər arasında ölüm hallarının səbəbləri arasında üçüncü yerdə qərarlaşıb. Bu halların yaranmasına sürüşkən göyərtələr, nasaz təhlükəsizlik avadanlığı, zəif təlim, təhlükəsizlik qaydalarının pozulması, əlverişsiz hava şəraiti, yorğunluq, zəif işıqlandırma və digər səbəblər təsir edir. Məhz bu problemi aradan qaldırmaq üçün Edinburqda yerləşən “Zelim” şirkəti tərəfindən “ZOE” adlı süni intellekt əsaslı real vaxtda işləyən aşkarlama və izləmə sistemi hazırlanıb.
“Seanews.az” xəbər verir ki, bu innovativ texnologiya neft platformalarından tutmuş kruiz gəmilərinə qədər müxtəlif sahələrdə MOB hadisələrinin vaxtında aşkar edilməsi və dərhal reaksiya göstərilməsini təmin edir.
Sistem suda olan şəxsləri və obyektləri müəyyən edir, xəbərdarlıq edir və onların yerini izləyir. Bu isə həm axtarış-xilasetmə əməliyyatlarının, həm də dəniz səthinin monitorinqinin effektivliyini artırır.
“ZOE” bir il ərzində Valaris şirkətinə məxsus Şimal dənizi platformasında uğurla sınaqdan keçirilib və MOB riskinin azaldılması məqsədilə ikinci qaldırıcı tipli platformada da tətbiq olunub.
Bu yeni texnologiya axtarış zonasındakı aşkarlama ehtimalını və sabitliyini artıraraq, dənizdə insan həyatının xilas olunmasına süni intellektin real təsirini göstərir.



