

Koreya gəmi inşaatçıları Avropa Komissiyasının qərarından narazıdırlar
“Hyundai Heavy Industries” (“HHI”) Avropa Komissiyasının “Daewoo Shipbuilding & Marine Engineering” (“DSME”) şirkəti ilə birləşməyə mane olması qərarından məhkəməyə şikayət edir.
“Seanews.az” xəbər verir ki, məhkəməyə müraciət edilməsinə baxmayaraq, “Hyundai Heavy” diqqətini yeni biznes planlarına yönəltmək istədiyini və “DSME” üçün yenidən təklif vermək niyyətində olmadığını açıq şəkildə bildirir.
“DSME”-nin əsas kreditoru olan Koreya İnkişaf Bankı tərsanə üçün yeni alıcılar axtarır. Eyni zamanda, Koreya gəmi inşaatçıları Avropa Komissiyasının qərarından narazıdırlar, çünki 2019-cu ildə Çin gəmiqayırma zavodlarının birləşməsini təsdiqləyib.
Xatırladaq ki, bu ilin yanvarında Avropa Komissiyası “Hyundai Heavy Industries” şirkətinin “Daewoo Shipbuilding & Marine Engineering” ilə birləşməsinin qarşısını almışdı. Avropa Komissiyası öz qərarını onunla əsaslandırıb ki, birləşmə böyük tutumlu qaz daşıyıcılarının tikintisi bazarında dominant mövqe yaradacaq.
“HHI” şirkəti birləşmə planlarını hələ 2019-cu ilin əvvəlində açıqlamışdı. Bununla belə, Avropa Komissiyası sövdələşmənin təsdiqini bir neçə dəfə, o cümlədən Koreya gəmi istehsalçılarının lazımi sənədləri və rəyləri təqdim etmək üçün son tarixləri yerinə yetirməsinə mane olan koronavirus məhdudiyyətləri səbəbindən təxirə salıb.