

Aktau dəniz limanında konteyner qovşağı tikiləcək
Aktau dəniz limanının Xüsusi İqtisadi Zonasında konteyner qovşağının yaradılması planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin sənaye və infrastrukturun inkişafı naziri Kairbek Uskenbayev məlumat verib.
Nazir bildirib ki, bu, Transxəzər nəqliyyat marşrutu ilə yükdaşımaların qurulmasına imkan verəcək.
Artıq Sinqapur şirkəti ilə danışıqların aparıldığını söyləyən nazir deyib ki, həmçinin qlobal konteyner operatorlarının donanmasının cəlb edilməsi planlaşdırılır. Bundan əlavə, dəniz nəqliyyatı üçün ticarət donanması yenilənəcək.
Yaxın zamanlarda 4 bərənin alınması üçün özəl investisiyalar cəlb olunacaq, ümumilikdə Aktau və Kurık dəniz limanları vasitəsilə daşımaların həcminin 10 milyon tona çatdırılması nəzərdə tutulur.
Ümumiyyətlə, qeyri-sabit geosiyasi vəziyyətə görə hökumət tranzit və ixrac yüklərini Avropaya yönləndirmək niyyətindədir. Bunun Transxəzər beynəlxalq transsərhəd marşrutu və Latviya limanları vasitəsilə həyata keçirilməsi planlaşdırılır.
Kairbek Uskenbayev artıq Azərbaycan, Gürcüstan və Türkiyə ilə birgə nəqliyyat və logistika şirkətinə bənzər birgə müəssisənin yaradılması haqqında razılıq əldə olunduğunu bildirib.