

Süveyş kanalının administrasiyası neytrallığını elan edib
ABŞ tərəfindən Süveyş kanalının administrasiyasına Rusiya gəmilərinin buraxılmaması barədə tələb irəli sürülməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə Sada el-Balad telekanalı Süveyş kanalının administrasiya rəhbəri Üsamə Rabiyəyə istinadla məlumat yayıb.
“Süveyş kanalı siyasətə və müharibələrə qarışmayan neytral beynəlxalq dəhlizdir. Biz hər hansı bir gəminin kanaldan keçidinə qadağa qoya bilmərik”, - deyə Üsamə Rabiyə bildirib. O, həmçinin ABŞ-ın Rusiyaya aid gəmilərin Süveyş kanalından keçməsinə qadağa qoyulması barədə müraciət etmədiyini deyib.
Xatırladaq ki, fevralın 24-də səhər saatlarında Rusiya Ukraynaya qarşı müharibəyə başlayıb. Hazırda Ukraynanın Mariopol, Xerson və Xarkov şəhərləri uğrunda və paytaxt Kiyev ətrafında ağır döyüşlər davam edir. Rusiya Silahlı Qüvvələri ölkənin dərinliyində Ukrayna ordusuna məxsus hərbi obyektlərə və mülki infrastruktura aviasiya və raket zərbələri endirir.