Rumıniya Moldovanın yeganə dəniz-çay limanını öz nəzarətinə götürəcək
Rumıniya Moldovanın Qara dənizə çıxışı olan yeganə limanı – Curculești üzərində nəzarəti öz üzərinə götürmək barədə mühüm qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, Rumıniya mətbuatında yayılan məlumatlara görə, söhbət Dunay çayı üzərində yerləşən həm dəniz, həm də çay limanı funksiyasını yerinə yetirən strateji infrastruktur obyektindən gedir.
Curculești limanı Moldovanın beynəlxalq ticarət baxımından əsas çıxış qapısı hesab olunur. Liman Dunay vasitəsilə Qara dənizə, oradan isə beynəlxalq su yollarına çıxış imkanı yaradır. Bu obyekt həm konteyner daşımaları, həm də neft məhsulları və digər yüklərin tranziti üçün mühüm logistika mərkəzi rolunu oynayır.
Məlumata əsasən, Rumıniyanın bu addımı regionda nəqliyyat və enerji təhlükəsizliyinin gücləndirilməsi, eləcə də logistika marşrutlarının diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır. Ekspertlər hesab edirlər ki, limanın inkişafı və modernləşdirilməsi Qara dəniz hövzəsində yük axınlarının artmasına və alternativ ticarət dəhlizlərinin genişlənməsinə töhfə verə bilər.
Analitiklər qeyd edirlər ki, Curculeşti limanı son illərdə regional geosiyasi proseslər fonunda daha da ön plana çıxıb. Xüsusilə Ukrayna müharibəsi və Qara dəniz regionunda təhlükəsizlik çağırışları alternativ tranzit marşrutlarına olan tələbatı artırıb.
Rumıniyanın liman üzərində nəzarəti gücləndirməsi iki ölkə arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və Avropa İttifaqı ilə inteqrasiya proseslərinin sürətləndirilməsi baxımından da mühüm addım kimi qiymətləndirilir.
Qeyd edək ki, Curculeşti limanı üzərində qəbul edilən qərar regional logistika və ticarət sistemində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir və Qara dəniz hövzəsində strateji balansın formalaşmasına təsir göstərə biləcək addım hesab olunur.

