• Bakı, 2021-10-27,
Seanews
Heyder Eliyev

Antverpen limanı eyni vaxtda 400-dək gəmi qəbul edə bilir

Ümumi yük dövriyyəsinə görə, Rotterdamdan sonra Avropada ikinci ən böyük yükaşırma müəssisəsi olan Antverpen limanında sabit qanadlı pilotsuz uçuş aparatı vasitəsi ilə unikal sınaqlar həyata  keçirilib.

Sınaqlar Antverpen limanının təhlükəsizlik tərəfdaşları: “Waasland” zona qəza yardım xidməti, Antverpenin yanğınsöndürmə xidməti, həmçinin “Sabca” texnologiya şirkətinin yaxından iştirakı ilə baş tutub.

Antverpen limanının sahəsi 120 kvadratkilometrdən çoxdur və Belçikanın infrastrukturunun mühüm bir hissəsidir. Havadan müşahidə aparatının istifadəsi ümumi təhlükəsizliyin qorunmasına kömək edəcək. Belə ki, sabit qanadlı pilotsuz uçuş aparatı səkkiz saatdan çox uçur və 280 metr yüksəklikdən 30x kamera ilə şəkil çəkir.

Şimal dənizindən 90 km aralıda Şelda çayının üzərində yerləşən Antverpen limanı eyni vaxtda 400-dək gəmi qəbul edə bilir. Əksər Şimal dəniz limanlarından daha əlverişli yerdə yerləşən Antverpenin terminalları dəmir yolu, çay və avtomobil nəqliyyatı ilə daxili bölgəyə bağlanır.

2021-ci ilin fevralında Belçikanın Antverpen və Bryuqqe şəhərlərinin bələdiyyələri iki limanı birləşdirmək barədə razılığa gəliblər. İlkin proqnozlara görə, vahid Antverpen-Bryuqqe limanının yük dövriyyəsi ildə 278 milyon ton təşkil edəcək.

Seanews.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır