• Bakı, 2021-07-24,
Seanews
Heyder Eliyev

Cari ilin birinci yarısında dəniz quldurları 68 dəfə gəmilərə hücum ediblər

2021-ci ilin birinci yarısında 1994-cü ildən bəri dünya sularında dəniz quldurlarının gəmilərə hücumlarının ən aşağı səviyyəsi qeydə alınıb. 

“Seanews.az”-ın araşdırmalarına görə 2021-ci ilin birinci yarısında dəniz quldurları 68 dəfə gəmilərə hücum ediblər.  Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 30 hadisə azdır.

Bütövlükdə 17 tanker, 20 balker, 17 konteynerdaşıyan və  digər tiplərə aid 14 gəmi piratların hücumuna məruz qalıb. Hadisə zamanı 34 gəmi istismarda, 29 gəmi lövbərdə, 5 gəmi isə körpüdə olub.

Quldurlar bir gəmini ələ keçirib, iki gəmini atəşə məruz qoyub, 61 gəminin göyərtəsinə qalxmağa müvəffəq olublar. Gəmilərə hücum zamanı bir dənizçi həlak olub, biri yaralanıb, üç dənizçi girov götürülüb, əlli dənizçi oğurlanıb.

Hazırda Qvineya körfəzi quldurların daha çox əl-ayaq açdığı regiondur. Belə ki, gəmilərə hücum faktlarının 32 faizi bu ərazidə baş verib və bu hadisələr zamanı 50 dənizçi naməlum istiqamətə aparılıb.

Sinqapur boğazında piratların gəmilərə hücumu ilə bağlı 16 hadisə qeydə alınıb. Halbuki 2020-ci ilin birinci yarısında burada cəmi 11 hadisə baş vermişdi.

Perunun Kalyayo sularında lövbərə dayanma zamanı gəmilərə hücumlar iki dəfə artıb. İlin birinci yarısında 9 belə hadisə qeydə alınıb, 2 hadisə zamanı quldurlar heyət üzvlərini girov götürüblər.

Filippinin Manila körfəzində dəniz quldurlarının gəmilərə hücumu ilə bağlı 4 hadisə qeydə alınıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır