“Devon Bay” yük gəmisinin itkin düşən ekipaj üzvlərinin axtarışı dayandırılıb
Yaponiyaya məxsus “K Line” gəmiçilik şirkəti “Devon Bay” quru yük gəmisinin itkin düşən ekipaj üzvləri üçün aparılan axtarış-xilasetmə əməliyyatının dayandırıldığını təsdiqləyib. Beləliklə, 10 gün davam edən axtarışlar başa çatıb.
“Seanews.az” xəbər verir ki, “Devon Bay” yanvarın 23-də Filippinin Zamboanqa limanından Çinə doğru yola çıxarkən, Panqasinan əyalətindən təxminən 140 dəniz mili qərbdə qəfil aşaraq batıb. Hadisə zamanı əraziyə yaxın olan Çin Sahil Mühafizəsinin patrul gəmisi 15 nəfəri xilas edib, iki ekipaj üzvünün cəsədini sudan çıxarıb. Xilas edilənlər və tapılan meyitlər Manila limanında Filippin tərəfinə təhvil verilib.
Axtarışlar Filippin və Çin sahil mühafizə qüvvələrinin iştirakı ilə bir həftədən çox davam etsə də, əlavə sağ qalan tapılmayıb. Hazırda dörd ekipaj üzvü itkin düşmüş hesab olunur.
Hadisənin səbəbi araşdırılır. İlkin ehtimallara görə, gəmidə daşınan nikel filizinin mayeləşməsi faciəyə səbəb ola bilər. Riskli yüklərdən sayılan nikel filizi yüksək rütubət zamanı yerini dəyişərək gəminin tarazlığını poza və qısa müddətdə aşmaya səbəb ola bilir.
Cənub-Şərqi Asiyada açıq mədən sahələrində saxlanılan və yağışa məruz qalan yaş nikel uzun illərdir ciddi təhlükə hesab olunur və bu tip yüklər indiyədək çoxsaylı insan tələfatına səbəb olub.

