Niderland paytaxtında okean kruiz gəmilərinin qadağan edilməsi tələb olunur
Amsterdam hökuməti 2035-ci ilə qədər okean kruiz gəmilərinin şəhər mərkəzindən çıxarılmasını və mümkün qədər tamamilə qadağan edilməsini planlaşdırır.
“Seanews.az” xəbər verir ki, bundan əvvəl kruiz gəmilərinin sayını məhdudlaşdırmaq və onları paytaxt mərkəzindən uzaqlaşdırmaq barədə razılıq əldə olunmuşdu, lakin indi şəhər meri və bəzi vəzifəlilər gəmilərin tamamilə ləğv edilməsinin daha qənaətcil olacağını bildirirlər.
Son plan kruiz gəmilərinin 2035-ci ilədək limana səfərlərini tam dayandırmağı, eyni zamanda çay kruiz gəmilərinin sayını azaltmağı nəzərdə tutur. Ətraf mühit narahatlıqları və turizmin genişlənməsi ilə bağlı tənqidlər son on il ərzində artır. “Böyük kruiz gəmiləri çoxlu CO₂, toz və azot emissiyası buraxır”, - deyə ekoloqlar və şəhər vəzifəliləri bildirirlər.
Şəhər administrasiyası kruiz gəmilərinin limanını “Passengers Terminal Amsterdam” (PTA) yaxınlığından şəhərin şərqinə köçürməyi nəzərdən keçirib. Lakin bunun dəyəri 85 milyon avro hesablanır, gəlir isə yalnız 46 milyon avro proqnozlaşdırılır. Bu səbəbdən paytaxt rəhbərliyi gəmilərin tamamilə ləğvini daha səmərəli hesab edir.
Şəhər şurası hələ yekun qərar verməyib və martda keçiriləcək seçkilər nəticəsində yeni hökumət bu planın icrasını həyata keçirəcək.

