Qırmızı dənizdə batmış “Isa Star” gəmisinin heyəti xilas edilib
Qəzaya uğrayan “Isa Star” (Panama bayrağı) ümumi yük gəmisinin heyəti Qırmızı dənizdə xilas edilib.
“Seanews.az” bildirir ki, bu barədə Aİ-nin Qırmızı dənizdəki dəniz missiyasının “Aspides” sosial şəbəkələrində məlumat verilib.
8275 ton dedveytli “Isa Star” 19 noyabr 2024-cü ildə İtaliya limanını tərk edərək Süveyş kanalı vasitəsilə İndoneziyaya yollanıb. Gəminin heyəti dekabrın 5-də qəza siqnalı göndərib. Kapitan maşın şöbəsini su basdığını bildirib. Fransız freqatı “FS Languedoc” köməyə göndərilib.
“Isa Star”ın göyərtəsində 20 nəfər olub. Bütün heyət üzvləri Cibuti limanına aparılıb.
Qeyd olunur ki, Birləşmiş Ərəb Əmirliklərinin “Azimut Ship Management” şirkətinin idarə etdiyi 24 yaşlı gəmi hadisə zamanı Hodeyda sahillərindən 100 dəniz mili uzaqlıqda olub.