

Niderlandın gəmiqayırma şirkəti hökuməti məhkəməyə verir
Niderlandın ən böyük gəmiqayırma şirkəti “Damen Shipyards Group NV” Niderland hökumətini Rusiyaya qarşı sanksiyaların vurduğu itkilərə görə məhkəməyə verir.
“Seanews.az” xəbər verir ki, “Damen Shipyards Group NV” sanksiyalar nəticəsində "zərər çəkdiyi" üçün təzminat tələb edir.
"Sanksiyalardan əvvəl “Damen” rus gəmi alıcıları ilə müqavilələr imzalayıb və sonra Niderland hökuməti belə müqavilələrin yerinə yetirilməməsi barədə qərar verib", - deyə şirkətin sözçüsü Rik Vandeber bildirib.
Artıq 2022-ci il martın 7-də şirkətin rəhbərliyi sanksiyalar müddətində Rusiyaya yeni gəmilər tədarük etməyəcəyini, gəmilərin tikintisi üçün rus müştəriləri ilə yeni müqavilələr bağlamayacağını açıqladı. Bəyanatda həmçinin vurğulanır ki, Rusiya ilə əməkdaşlıqdan imtina “Damen”in maliyyəsi üçün çox “sərt” nəticələrə səbəb olacaq.