

Üç ən böyük daşıyıcı 44 konteyner gəmisi sifariş edib
Keçən ay “Maersk”, “Evergreen” və “CMA CGM” şirkətləri dəyəri 5 milyard dollardan çox olan 44 konteyner gəmisinin tikintisini sifariş verib.
"Seanews.az" xəbər verir ki, bu, “Intermodal” gəmi brokerinin məlumatında yer alıb.
“Evergreen” şirkəti bu üçlüyün sifariş qovluğunda ən çox konteyner gəmisinə sahibdir. “Evergreen” 16 000 TEU tutumlu 24 konteyner gəmisi sifariş edib. Onlar Koreyanın “Samsung Heavy Industries” və Yaponiyanın “Nihon” gəmiqayırma zavodlarında tikiləcək. Gəmilərin istismara verilməsi 2026-2027-ci illər üçün nəzərdə tutulub. Yeni gəmilərin inşası üçün 4 milyard dollar ödənəcəyi bildirilir/
“Maersk” şirkəti isə tutumu 9000 TEU olan altı konteyner gəmisi sifariş verib. Onlar Çinin “Yangzijiang Shipbuilding Group” gəmiqayırma zavodunda tikiləcək. Konteyner gəmiləri iki yanacaqlı mühərriklərlə təchiz olunacaq və metanolla işləyə biləcək. Gəmilər 2026 və 2027-ci illərdə təhvil veriləcək. Yeni tikililərin dəyəri 1,4 milyard dollar qiymətləndirilir.
“Intermodal”-a görə, “Maersk” eyni konteyner gəmilərindən daha dördünü tikmək imkanına malikdir.
“CMA CGM” şirkəti üçün Çinin “Jiangsu Yangzijiang” tərsanəsində 24 min TEU tutumlu 10 konteyner gəmisi inşa ediləcək. Gəmilərin təhvil verilməsi 2026-cı ilə planlaşdırılır.
Onu da qeyd edək ki, “Evergreen” və “Maersk” şirkətləri metanolla işləyən konteyner gəmiləri sifariş etsə də, “CMA CGM” hələ də LNG-yə üstünlük verir.