

“LUX” xidməti Avropanın dörd əsas gəmiçilik xəttinə meydan oxuyur
Asiya konteyner xətləri refrijerator daşıma bazarında Avropanı sıxışdırmaq niyyətindədir. Beləliklə, “ONE”, “COSCO” və “OOCL” Cənubi Amerika-Avropa ticarəti üzrə birgə “Latin East-Coast Europe Express” (“LUX”) xidmətinə başlayır.
“Seanews.az”-ın məlumatına görə, “LUX” xidmətinin ilk səfəri sentyabrın 16-na nəzərdə tutulub. 4,2 min TEU tutumlu “COSCO Xin Nan Tong” konteyner gəmisi Montevideo (Uruqvay) limanından, 4 min TEU tutumlu “COSCO Xin Chong Qing” konteyner gəmisi isə sentyabrın 21-də əks istiqamətdə Rotterdam limanından ilk səfərə yola düşəcək.
“Cənubi Amerikanın şərq sahilləri ilə Avropa arasında ticarətdə cari ilin yanvar-may aylarında refrijerator daşımalarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4% azalıb. Bu ticarətdə həcmlər o qədər də böyük deyil, hər il təxminən 300 000 TEU və daha az belə yüklər daşınır”,- deyə Xeneta-nın baş analitiki Piter Sand bildirib.
Öz növbəsində, Linerlytica analitiki Tan Hua Ju qeyd edib ki, refrijerator daşıma bazarında əhəmiyyətli artım olmasa da, “LUX” xidməti Avropanın dörd əsas daşıyıcısına – “MSC”, “Maersk Line”, “CMA CGM” və “Hapag-Lloyd”-a meydan oxuyacaq.
“ONE”-də deyirlər ki, bu marşrut şirkət üçün hədəf bazardır. Yeni xidmət “Algeciras”-dan tranzit limanı kimi istifadə edərək, Yaxın Şərqə və Hindistana sürətli daşınmanı təmin edəcək”.
“OOCL” 2018-ci ildən Latın Amerikası bazarında, xüsusilə də 2019-cu ildən Cənubi Amerika-Avropa marşrutu üzrə fəaliyyət göstərir, ona görə də şirkətdə yeni xidmətin işə salınması məntiqi növbəti addım adlandırılıb.