

“SM Group” konteyner xətti “HMM” üçün 3,5 milyard dollar təklif etməyə hazırdır
Koreyanın “SM Group” konteyner xətti “HMM”-ni almaq üçün 3,5 milyard dollar təklif etməyə hazırdır, lakin daha çox tələb olunarsa, müqavilədən imtina ediləcək.
“Seanews.az” xəbər verir ki, bu ilin mart ayında dövlətə məxsus Koreya İnkişaf Bankı (KDB) və Koreya Dəniz Gəmiçiliyinə Dəstək Korporasiyası (KOBC) maliyyə çətinlikləri səbəbindən 2015-ci ildən dövlətin nəzarətində olan “HMM” gəmiçilik şirkəti üçün özəlləşdirmə prosesinə başlayıb. “Hyundai Motor”, Cənubi Koreya polad istehsalçısı “POSCO” və logistika konqlomeratı “LX Group”-a “HMM”-i almaq təklif etsə də, üç şirkətdən heç biri sövdələşməyə maraq göstərməyib.
“SM Group”-un sədri Vo Oh Hyun deyib ki, satışı rəsmi elan edilən kimi dərhal “HMM”-ni almağa çalışacaqlar. Artıq “HMM”-nin mümkün alınmasına hazır olan xüsusi komanda da yaradılıb.
“Biz inanırıq ki, “HMM” üçün məqbul qiymət təxminən 4 trilyon von (3,15 milyard dollar) təşkil edir. Biz hətta 4,5 trilyon von (3,5 milyard dollar) təklif edə bilərik, lakin qiymət bu səviyyəni hətta bir von keçərsə, biz almaqdan imtina edəcəyik”, - deyə o, bildirib.
“SM Group” hazırda 6,56% payla “HMM”-in üçüncü ən böyük səhmdarıdır. Qrup bu yaxınlarda “HMM”-də 0,65% pay alıb.
“72 yaşım olduğunu nəzərə alaraq, mən milli gəmiçilik sənayemizi canlandırmaq və Asiyada 1 nömrəli gəmiçilik şirkətinə çevirmək üçün ən son missiyam kimi “HMM”-ni almaq qərarına gəldim”, - deyə “SM Group”-un sədri bildirib.
Tikinti biznesində daha çox tanınan “SM Group” 2016-cı ildə müflis olan “Hanjin Shipping”-dən aktivləri satın alaraq “SM Line”-ni qurub”.
“SM Line”-nin yükdaşıma qabiliyyəti “HMM”-in daşıma qabiliyyətinin 1/11-dir. Koreyalı müxbirlərdən biri potensial sövdələşməni balina yeyən karidesə bənzədib”, - deyə “Splash” yekunlaşdırıb.
“HMM”-nin satışının digər koreyalı iddiaçıları da cəlb edəcəyi gözlənilir. Qeyd olunur ki, “HMM” bu il satışa çıxarılacaq bir neçə Koreya gəmiçilik şirkətlərindən biridir.