

Fransa dünya gəmiçiliyinə ekoloji vergi tətbiq etməyi təklif edir
Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə gəmiçilik sənayesində istixana qazı emissiyalarına qlobal vergi tətbiq etmək üçün beynəlxalq ictimaiyyətin dəstəyini istəyir.
ABŞ-ın maliyyə naziri Janet Yellenin sözlərinə görə, Birləşmiş Ştatlar Fransanın yoxsulluq və iqlim dəyişikliyi ilə mübarizə üçün istifadə olunacaq beynəlxalq daşıma vergisi təklifini konstruktiv hesab edir və bunun üçün imkanları araşdıracaq.
"Bu konstruktiv təklifdir və biz prezident Makronun hamının birlikdə işləməli olduğu məntiqi ilə razıyıq. Birləşmiş Ştatlar bu məsələyə baxacaq. Biz iqlim dəyişikliyi, yoxsulluqla mübarizə çağırışlarına cavab vermək üçün əhəmiyyətli əlavə vəsaitlərin tapılmasını istəyirik. Biz, əlbəttə ki, innovativ yanaşmalara açığıq və müəyyən oyunçuların danışıqlar masasına əyləşəcəyini gözləyirik”, - deyə ABŞ-ın maliyyə naziri bildirib.
Yeni qlobal maliyyə paktı ilə bağlı Paris sammitindən sonra keçirilən mətbuat konfransında Makron ABŞ, Çin və əsas daşıyıcıların qeydiyyatda olduğu digər ölkələrin fikirlərini nəzərə almadan Parisin təkbaşına oraya girməyəcəyini vurğulayıb.
“Düşünürəm ki, BMT-nin Beynəlxalq Dəniz Təşkilatında iyul iclası bu məsələdə həlledici olacaq”, - Fransa lideri bildirib.
Hələlik təşəbbüslə bağlı fikirlər bölünür. Rüsumların tətbiqinin əleyhdarları arasında Argentina, Səudiyyə Ərəbistanı və Çin də daxil olmaqla bir neçə dövlət var. Rüsumun məbləği hələ müəyyən edilməyib. Məsələn, Solomon və Marşal adalarının təklifinə əsasən, gəmiçilik şirkətləri qazın hər tonuna görə 100 dollar ödəməlidirlər.
“Seanews.az”