

Qabon sahillərində gürcü dənizçilər qaçırılıb
Qabonun ərazi sularında dayanmış gəmidən ikisi Gürcüstan vətəndaşı olmaqla üç dənizçi oğurlanıb.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın Dəniz Nəqliyyatı Agentliyi məlumat yayıb. Hadisənin mayın 2-də baş verdiyi bildirilib. Qeyd olunub ki, gəminin göyərtəsində qalan digər dənizçilər təhlükədə deyillər.
Məlumata görə, Gürcüstanın iqtisadiyyat nazirliyinin tabeliyindəki Dəniz Nəqliyyatı Agentliyi və Xaric İşlər Nazirliyi əsir götürülmüş dənizçilərin azadlığa buraxılması istiqamətində fəal iş aparırlar. Dənizçilərin qaçırılması ilə bağlı onların ailə üzvlərinə məlumat verilib.
Qurum mediaya qaçırılmış dənizçilərin təhlükəsizliyinin qorunması məqsədilə onların kimliyi ilə bağlı detalları paylaşmamaq çağırışı edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır